Xocalı soyqırımı haqda sensasion FAKTLAR – “Kömək edin” məktubuna Ayaz Mütəllibovun dəhşətli CAVABIbackend

Xocalı soyqırımı haqda sensasion FAKTLAR – “Kömək edin” məktubuna Ayaz Mütəllibovun dəhşətli CAVABI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı soyqırımının 34-cü ildönümündə diqqətçəkən bir sənəd üzə çıxıb. Belə ki, Xocalının deputatı Elman Məmmədov 17 dekabr 1991-ci ildə o dövrün prezidenti Ayaz Mütəllibova ünvanladığı teleqramda Xocalı sakinləri üçün yardım istəyib.

Teleqramda deyilir: “Stepanakert və Əsgəran arasındakı yolu açmaq üçün Xocalıya güclü hücum hazırlanır. Ermənilər bizi məhv etmək üçün hər cür səy göstərəcəklər. Xocalının müdafiəsini təşkil etmək üçün dərhal lazımi tədbirləri görməyinizi xahiş edirəm. Xocalı Azərbaycan üçün strateji baxımdan vacib bir nöqtədir. Təcili yardım gözləyirik”.

Maraqlıdır ki, dövrün ən güclü siyasi müxalifəti olan AXC soyqırımından sonra prezident Ayaz Mütəllibovun istefasını tələb etdi. 1992-ci ilin 5-6 mart tarixlərində Ali Sovetin (Milli Məclisin) binası qarşısında mitinq başlandı. İki gün davam edən aksiyadan sonra A.Mütəllibov martın 6-sı axşam saatlarında istefa verdi.

O idarəçilikdən uzaqlaşdırılsa da, erməni təcavüzü və işğal davam etdi. Bu faciənin qarşısını o vaxtkı Azərbaycan hakimiyyəti niyə ala bilmədi: istəmədi, yoxsa bacarmadı? Elman Məmmədovun teleqramına Mütəllibovdan hansı cavab gəldi?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı danışan Elman Məmmədov bildirib ki, Xocalı 1991-ci il noyabrın 1-dən tam mühasirəyə alınmışdı.

Onun sözlərinə görə, həmin an ümid yalnız helikopterlərə olub:

“Helikopterlər isə çox vaxt hava şəraiti və təhlükə səbəbindən uça bilmirdi. Hətta yanvarın 28-də Ağdamdan Şuşaya uçan helikopteri Xankəndi üzərində ermənilər vurdu, nəticədə 50 nəfərə qədər insanımız şəhid oldu. Ondan sonra bütün uçuşlar dayandı. Noyabrın 1-dən Xocalının işğalına qədər mən respublika rəhbərliyinə teleqram, məktub və çıxışlar vasitəsilə çoxsaylı müraciətlər etmişəm. O zaman deputat deyildim, amma müəyyən yollarla Ali Sovetin iclasına daxil olub sözümü deyə bilirdim”.

Deputat qeyd edib ki, təkcə Ayaz Mütəllibovla deyil, o dövrdə rəhbərlikdə olan hər kəslə əlaqə saxlayıb:

“Xocalı məktəbliləri, ziyalıları, qadınları, ağsaqqallarımız adından o zamankı respublika rəhbərliyinə çoxsaylı müraciətlərimiz, çağırışlarımız və tələblərimiz oldu. Bütün müraciətlərimizdə göstərirdik ki, Xocalı mühasirə altındadır və Ermənistan silahlı qüvvələri hər an hücum edə bilər. Bu hücumu dayandırmağa gücümüz çatmır, dərhal kömək göndərin, dinc əhalini xilas edin. Ağdamdan Xocalıya gedən yolun üstündə Əsgəran qəsəbəsini ermənilər bağlayıb, ordan yolu açıb kömək göndərmək lazımdır. Ərzaq və silah-sursatımız tükənib, hər an fəlakət gözləyir.
Amma bunların heç birinə son ana qədər müsbət cavab ala bilmədik. Yalnız deyirdilər ki, möhkəm dayanın, indi gəlirik, sabah gəlirik və sair. 4 ay ərzində heç kəs köməyə gəlmədi. Sonu da məlumdur: ermənilər uzun müddətdir arzuladıqları məqsədlərinə çatmaq üçün fürsət tapdılar”.

E.Məmmədov bildirib ki, dünyanın bütün erməni terror təşkilatlarının üzvləri Xocalıda döyüşdə iştirak edirdi:

“O dövrdə Rusiyaya məxsus 366-cı motoatıcı alay bütün hərbi texnika və canlı qüvvəsi ilə gəldi. Bütün bunlar istintaq tərəfindən sübut olunub. Ermənistanın silahlı qüvvələri də hücum edirdi. Xocalı boyda kiçik bir yer, təbii ki, bu qədər qüvvənin qarşısında müqavimət göstərə bilməzdi. Bütün müşahidələrimiz göstərir ki, o dövrdə respublikaya rəhbərlik edən şəxslər özlərini təsdiq edə bilmədi. Xalqın, Vətənin və torpağın taleyi ilə maraqlanan, onun müdafiəsi üçün tədbir görən rəhbərimiz olmadı. Axırda isə soyqırıma məruz qaldıq”.

“Faciənin qarşısını ala bilmədilər, yoxsa bacarmadılar” sualına isə deputat belə cavab verib:

“Birmənalı olaraq bacarmadılar! Məsuliyyətsizlik, səhlənkarlıq, bacarıqsızlıq və idarəetmə qabiliyyətsizliyi bu faciəyə gətirib çıxardı. Təbii ki, başqa səbəblər də var idi. Məsələn, hamıya məlumdur ki, o dövrdə iki qüvvə – müxalifət və hakimiyyət arasında çox güclü mübarizə gedirdi. Onlar arasında gedən mübarizə hakimiyyət uğrunda idi. Torpağın müdafiəsi isə ikinci və ya üçüncü plana keçmişdi. Biri hakimiyyəti qorumaq üçün, digəri hakimiyyətdə olanları çaşdırıb müxtəlif yolla hakimiyyətə gəlmək üçün çalışırdı. O dövrdə mövcud olan bu iki qüvvənin mübarizəsi düşmənə fürsət verdi ki, arzularını reallaşdırsın. Hakimiyyətlə müxalifəti bir-birinə qarşı qoymaq ermənilər üçün ən əlverişli fürsət idi. Çünki hakimiyyət uğrunda aparılan mübarizə torpağın müdafiəsini unutdurdu. Düşmən də bundan məharətlə istifadə edərək torpaqlarımızı işğal etməyə başladı”. /Globalinfo.az/