Xəbər vermişdik ki, su qıtlığı səbəbi ilə İranda dərin böhran yaranıb. Əhali 15 noyabrda kütləvi “yağış duası”na çıxsa da, istənilən nəticə olmayıb.
Daha dəqiq, duadan sonra leysan yağışı olub və İlam ostanın Abdanan və Dehluran şəhərlərində bir neçə çay daşıb. Amma bu daşqın təbii ki 80 milyon əhalinin tələbatının ən cüzi hissəsini də ödəmir.
İran su böhranından çıxmaq üçün süni yağış yağdırılması üçün buludların toxumlanması texnologiyasından istifadə etməyə başlayıb.
Süni yağış nədir, bundan hansı ölkələr istifadə edir?
Süni yağış texnologiyası tədqiqatları hələ 1940-cı illərdən mövcuddur. İlk tətbiq 1940-cı illərin sonlarında mütəxəssislər İrvinq Langmuir və Vincent Şeffer tərəfindən edilib. Onlar təyyarələrdən buludların üzərinə CO2 buz ataraq bulud səpilməsini sınaqdan keçirirlər .

ABŞ-ın ilk uğurlu sınağı 1946-cı ildə Nyu-York ştatında baş verdi.
Daha sonra – 1947-ci ildə atmosferin tədqiqi üzrə alim, amerikalı Bernard Vonnegut gümüş yodiddən istifadə edərək bulud toxumlarını əməliyyatını həyata keçirdi . Gümüş yodidin istifadəsi quru buzdan (CO2 buz) daha asandır və bu gün də geniş istifadə olunur.
1960-cı illərdə ABŞ tərəfindən hazırlanmış bu sistem hazırda 24 ölkədə istifadə olunur. Çin, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan, Avstraliya, Rusiya və Tayland…
Türkiyədə 1990-cı illərdə İSKİ (İstanbul Su və Kanalizasiya İdarəsi) tərəfindən İstanbulda, müxtəlif vaxtlarda İzmir və Ankarada həyata keçirilib.
Yeri gəlmişkən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2017-ci ildən etibarən süni yağış layihəsi üzərində işləyib və hazırda süni yağışdan istifadə edir. Layihənin qiyməti isə 15 milyard dollarla ölçülür.
Qeyd edək ki, ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 2025-2027-ci illərdə Azərbaycansa süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacağını bəyan edib.
2025-ci il ərzində süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması nəzərdə tutulub. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçirilərək, ərazilər müəyyənləşdiriləcək. 2027-ci ildə isə süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.
Layihənin xeyri və ziyanı haqqında münasibətlər birmənalı deyil. Bunu “Allahın işinə qarışmaq” kimi dəyərləndirən müsəlman ölkələrin əhalisi dəfələrlə süni yağışın qurbanına çevriliblər. Ən ağır vəziyyət 2022-ci ildə Dubay, Abu-Dabi və Şarja şəhərlərində müşahidə olunub.
Ekspertlər bildirirlər ki, leysana süni yağışyağdırma texnologiyasından ifrat istifadə səbəb olub. Bu tip fəəlakətlər digər istifadəçi ölkələrdə də baş verib.
Dahi Nizami Gəncəvi demiş: Artıq içiləndə dərd verir su da…
Əntiqə Rəşid









