Yaxın Şərq alovlanır: İranın qərarı regionu müharibə həddinə gətirir – ŞOK xəbərdarlıqbackend

Yaxın Şərq alovlanır: İranın qərarı regionu müharibə həddinə gətirir – ŞOK xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ İranın “Avropa üçlüyü” ilə – yəni Britaniya, Fransa və Almaniya ilə nüvə danışıqlarını dayandırmasının bir neçə paralel səbəbi var və bunlar təkcə texniki deyil, siyasi mahiyyət daşıyır. Birincisi, Tehran hesab edir ki, Avropa tərəfi nüvə sazişinin əsas şərtlərinə sadiq qalmayıb, ABŞ-ın birtərəfli sanksiyalarını faktiki olaraq dəstəkləyib və İran üçün vəd olunan iqtisadi dividentləri təmin etməyib.”
Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında politoloq Züriyə Qarayeva səsləndirib:
“İkincisi, Avropa ölkələrinin İAEA çərçivəsində İrana qarşı sərt qətnamələri, raket proqramı və regional siyasətə görə əlavə təzyiq cəhdləri Tehranda “təhlükəsizlik təhdidi” kimi qavranılır. Üçüncüsü, Ukrayna müharibəsi fonunda İranın Rusiya ilə yaxınlaşmasına görə Avropanın yeni sanksiya paketləri münasibətləri daha da zəhərləyib. Bu fonunda danışıqların dayandırılması Tehranın həm xarici auditoriyaya, həm də daxili ictimaiyyətə verdiyi siyasi mesajdır: “Biz təzyiq altında güzəştə getmirik, Avropa artıq etibarlı tərəfdaş deyil və oyunun qaydalarını Vaşinqton diktə edir””.
Politoloq qeyd edir ki, bu addım regionun təhlükəsizlik balansına birbaşa təsir göstərir.
“Yaxın Şərqdə nüvə dosyesi nə qədər qeyri-müəyyən qalsa, İsrailin hərbi variantı gündəmdə bir o qədər aktuallaşır və bu, lokal deyil, genişmiqyaslı toqquşma riskini artırır. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri də öz təhlükəsizlik konsepsiyalarını tənzimləyərkən İranla dialoqdan çox, təhlükəsizlik alyanslarına və silahlanmaya üstünlük verə bilərlər. Bu isə regionda silahlanma yarışını sürətləndirir. Cənubi Qafqaz üçün risklər daha dolayı, amma realdır. Bir tərəfdən, İran ətrafında gərginliyin artması enerji bazarlarında qiymət dalğalanması, nəqliyyat və tranzit marşrutları üçün əlavə risk deməkdir. Digər tərəfdən, İran üzərinə mümkün hərbi təzyiq ssenarisi Tehranın özünü daha sərt şəkildə region oyunlarına daxil etməsinə, Qafqazda geosiyasi rəqabətin kəskinləşməsinə səbəb ola bilər. Azərbaycan üçün bu, balanslaşdırma diplomatiyasını daha incə xəttlə aparmağı tələb edən həssas mühit yaradır”.
Z.Qarayeva vurğulayır ki, Qərb–Tehran münasibətlərinin gələcəyi üçün bir neçə ssenari ortaya çıxır.
“ Birinci ssenari uzunmüddətli “idarə olunan gərginlik”dir: danışıqlar formal olaraq dondurulur, sanksiyalar qalır, İran zənginləşmə səviyyəsini tədricən artırır, amma tərəflər açıq hərbi qarşıdurmadan qaçmağa çalışırlar. İkinci ssenari arxa qapı mexanizmlərinin güclənməsidir; yəni rəsmi danışıqlar olmasa da, üçüncü ölkələr vasitəsilə məhbus dəyişdirilməsi, məhdud neft ixracına icazə, regiondakı gərginliyin müəyyən həddə saxlanması kimi “kiçik paketli” razılaşmalar mümkündür. Üçüncü və daha riskli ssenari isə odur ki, İran nüvə proqramını daha sürətlə genişləndirir, Avropa və ABŞ isə həm sanksiyaları sərtləşdirir, həm də hərbi-siyasi təzyiq alətlərini işə salır. Bu halda Yaxın Şərqdə yeni münaqişə ocağının yaranması ehtimalı yüksəlir və bu, Cənubi Qafqazdan tutmuş Qara dəniz hövzəsinə qədər geniş geosiyasi məkanı sarsıda bilər. Bütün hallarda danışıqların dayandırılması həm Qərb, həm də İran üçün diplomatik manevr imkanlarını daraldır, riskləri isə artırır”.
Aynurə İsmayıl