Zəngəzur dəhlizi açılsa, ardınca Laçın dəhlizi də… – Müsahibəbackend

Zəngəzur dəhlizi açılsa, ardınca Laçın dəhlizi də… – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov teleqraf.com-un suallarını cavablandırıb.

NOCOMMENT.az həmin müsahibəni təqdim edir:

– Tofiq müəllim, Brüssel görüşünün nəticələrini necə şərh etmək olar?

– Bu görüşün mahiyyəti onu göstərir ki, artıq Qərb, daha doğrusu, Avropa post-konfilikt dövründə yeni gündəmə uyğunlaşır. Artıq nə “status”, nə də ki, buna bənzər fikirlər eşidilir. Eyni zamanda ATƏT-in Minsk qrupunun mövqeyini əks etdirən bəyanatlar da eşidilmir. Bu baxımdan Brüssel görüşündə daha real baxışlar ortaya qoyuldu.

– Sizcə, hazırkı yanaşmaları post-konfilikt dövrünə uyğun hesab etmək olarmı?

– Hazırda Avropa İttifaqı post-konfilikt dövrünə uyğun mövzulara toxunur. Azərbaycanla Ermənistan arasında mümkün kommunikasiya xətlərinin bərpası, Avropa İttifaqının bu məsələ ilə ətrafında maliyyə dəstəyi ilə bağlı fikirlər mövcuddur. İndi konkret aktual olan mövzular Brüssel görüşündə də gündəmdə oldu.

– Fərqli baxışlar nədən ibarət idi?

– Azərbaycanla Ermənistan arasında olan mövqelər təbii olaraq fərqlidir. Amma istənilən halda Zəngəzur dəhlizi, mina təmizlənməsi prosesində Aİ-nin maliyyə qrumlarının iştirakı aktual görünür. Yəni, görünən odur ki, artıq daha real bir yanaşma mövcuddur.

– Azərbaycanın mövqeyinin beynəlxalq birlik tərəfindən qəbul edilməsi baxımından bu görüşdə səslənən bəyanatların effektivliyi nə dərəcədə təsirlidir?

– Artıq üç mühüm istiqamət üzrə proses gedir. Potensial olaraq Qarabağ, sərhədlərin həlli və Zəngəzur dəhlizi ilə bağlı məsələlər gündəmdədir. Eyni zamanda Qarabağ mövzusu öz aktuallığını itirir. İndi daha çox sərhəd məsələlərinə maraq göstərilir. Eyni zamanda kommunikasiyaların bərpası da gündəmdə olan vacib məsələlərdən hesab edilir. Bütün bunlar isə ardıcıl olaraq Zəngəzur dəhlizi məsələsini də gündəmə gətirir. Yəni proseslərdəki mühüm yanaşmaları və dəyişiklikləri biz burada da görə bilərik.

– Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xəttinin çəkilməsinə artıq erməni tərəfi razılıq ifadə edib. Bunu prosesin başlanğıcı hesab etmək olarmı?

– İstər-istəməz bu məsələdə bağlantı var. Bu bağlantı da təzyiq mexanizmidir. Sözsüz ki, erməniləri narahat edən digər bir məsələni isə onlar indi-indi anlayırlar. Laçın dəhlizi ilə bağlı olan məsələ isə bu və ya digər formada 5 ilə təmin ediləcək. Amma Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın öhdəliyi müddətsizdir. Erməni tərəfini narahat edən məsələ də məhz budur.

– Burada strateji hədəflər hansılardır?

– Azərbaycan öz strateji məqsədlərinə nail olmaqdadır. Yəni, Qarabağ məsələsində Azərbaycan öz mövqeyini diqtə etməyə başlayıb. Müharibədən sonra Azərbaycan bu şərtləri irəli sürür ki, Ermənistanın ora heç bir müdaxiləsi mümkün olmasın. Zəngəzur dəhlizi bu və ya digər şəkildə öz həllini tapsa, belə Laçın dəhlizi üzərində Azərbaycanın nəzarəti gec-tez bərpa olunacaq. Əldə edilmiş sənədə görə, bu proses 5 ilə tam həll edilməlidir.

– Brüssel danışıqlarında ATƏT-in Minsk qrupunun “fəaliyyəti” ilə bağlı hansısa bir ifadənin yer almaması nə bağlı idi?

– Bu, Minsk qrupunun öz günahıdır. Çünki II Qarabağ müharibəsindən dərhal sonra keçirilən görüşdə Azərbaycan öz mövqeyini ortaya qoymuşdu. Azərbaycan təklif etmişdi ki, Minsk qrupu daha aktual bir gündəm üzərində işləsin. Amma Minsk qrupundan buna aid real bir fikir olmadı. Hadisələr də onu göstərdi ki, Azərbaycan Minsk qrupunu qəbul etmir.

– Avropa İttifaqı ilə olan yanaşmalara hansı amillər təsir edir?

– Hazırda Avropa İttifaqının bu məsələlərə dair gündəmi çox aktualdır. Post-konfilikt mərhələsində Aİ-nin böyük imkanlara malik bir təşkilat kimi maliyyə, hümanitar və digər layihələrdə iştirakı gündəmdədir. Brüsseldə səslənən fikirlər də bu tendensiyanı bir daha təsdiqləmiş oldu.