Zori Balayan xəstədir – Erməni terrorunun ideoloqu Qarabağ məğlubiyyəti barədə susurbackend

Zori Balayan xəstədir – Erməni terrorunun ideoloqu Qarabağ məğlubiyyəti barədə susur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayan II Qarabağ müharibəsindən sonra susub, danışmır.

Maraqlıdır, niyə bu gün Zori Balayan Ermənistanın məğlubiyyəti və Qarabağ separatçılarının gələcək taleyilə ilə bağlı fikirlərini bildirmir?

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, bu sualı Ermənistan mətbuatı da son bir ildə dəfələrlə Zori Balayana ünvanlayıb.

Amma 87 yaşlı Z.Balayandan səs-soraq çıxmır.

Ermənistan mətbuatı yazır ki, 80-ci illədə Qarabağda separatçılığın alovlanmasında xüsusi rol oynamış Zori Balayan hazırda xəstədir. Bu gün 87 yaşı tamam olan “ideoloq” mətbuat önünə çıxmaq istəmir.

Xankəndi şəhərində anadan olmuş Z.Balayan 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia etmişdi. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan etmişdi.

1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.

Erməni yazar İqor Muradyan bir dəfə onun haqqında demişdi ki, İrəvanda çoxları Zori Balayanı avantürist hesab edirdi, çünki o, adi hadisələri tarixi əhəmiyyət kəsb edən kimi təqdim etməkdə “xüsusi qabiliyyətə” malikdir.

Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınmışdı.

Bununla əlaqədar, Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.

2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanılmış, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılmışdı.

Zori Balayan sonuncu dəfə ötən il tert.am saytına qısa açıqlaması ilə gündəmə gəlmiş və sonra itib-batıb…