Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri Tural Əhmədovun “özünə hörmət edən universitet imtahansız tələbə qəbul etmir” fikri geniş rezonans doğurub. Bu açıqlama həm tələbələr, həm də təhsil ictimaiyyəti tərəfindən təəccüblə qarşılanıb. Çünki dünyanın bir çox nüfuzlu universitetləri — o cümlədən Harvard, Oxford və Sorbonne — tələbə qəbulunda yalnız imtahan nəticələrinə deyil, orta məktəb göstəricilərinə və digər akademik meyarlara əsaslanır. Azərbaycanda da xarici tələbələrin qəbulunda attestat balı əsas şərt kimi tətbiq olunur. Bu səbəbdən məsələnin həm faktoloji, həm də etik tərəfi müzakirə mövzusuna çevrilib.
Sizcə, attestat balına əsaslanan qəbul sistemi təhsilin keyfiyyətinə ziddirmi, yoxsa uzunmüddətli akademik göstəriciləri əks etdirdiyi üçün daha ədalətlidir?
Dünyanın aparıcı universitetlərində imtahansız qəbul (attestat və ya diplom əsasında) təcrübəsi olduğu halda, Tural Əhmədovun fikrini necə qiymətləndirirsiniz?
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Tural Əhmədovun bu məsuliyyətsiz çıxışında o özü günahkar deyil. Tural Əhmədovun təhsillə nə əlaqəsi var?!
E. Qafarovun sözlərinə görə, Tural Əhmədov ölkənin Elm və Təhsil Nazirliyinin 4 əsas struktur bölməsinə necə rəhbər təyin olunub?! Onun təhsildə hansı xidmətləri və anlayışı var?!
“Təbii ki, ölkənin təhsil sahəsinin kadr təyinatında o qədər bərbad, eybəcər addımlar atılır ki, artıq təəccüblənmirəm. Əgər Emin Əmrullayev çıxışında deyirsə ki,” camaat dövlətdən narazıdır, təhsil burada neyləsin?” Dövlətin təhsil naziri bu qədər boşboğaz və məsuliyyətsiz bir çıxış edirsə, yəni, onun üstdəki bölməsinin rəhbəri, Tural Əhmədov da ondan uzağa getməyəcək.
Ümumiyyətlə, Şərəbçılıq Zavodundan, Çay Fabrikindən, ayrı-ayrı şirkətlərdən, çayxana dostları, sinif yoldaşları, tanışları heç bir meyar olmadan, sadəcə “Mən belə istəyirəm” deyib Emin Əmrullayev tərəfindən ölkənin təhsil sahəsində funksional vəzifələrin gətirilməsi o qədər pozulmuş bir vəziyyət yaradıb ki, mən artıq təəccüblənmirəm. Tural Əhmədov o boyda agentliyə necə gəlib çıxıb. Axı, onun orada nə işi var ki, belə özündən, çəkisindən böyük fikir səsləndirsin.
O ki qaldı imtahansız qəbula, dünyanın bütün ölkələrində imtahan, o cümlədən hökmən deyil ki, universitet özü imtahan keçirsin, təhsil sistemində olan nəticələrə görə, qəbul olunur. Beynəlxalq sistemdə belədir. Amma bu gün Tural Əhmədovun da komandada yer aldığı Emin Əmrullayevin də komandası Azərbaycan təhsilini o qədər bərbad etdi ki, artıq çökdü. Yaxın 10 il ərzində vurulmuş ziyanları aradan qaldırmaq çox çətin olacaq. Nə istəsələr edə bilərlər. Çünki onların fəaliyyətini təftiş edən yoxdur. Göz görə-görə ölkə təhsilini dağıdırlar. Onlara dur deyən, susduran yoxdur”.