Bu şəslərin maşşları ilə bağlı ÖNƏMLİ QƏRAR – Açıqlamabackend

Bu şəslərin maşşları ilə bağlı ÖNƏMLİ QƏRAR – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın əmək qanunvericiliyində aparılan son dəyişikliklər iş dünyasında sosial ədalətin və gender bərabərliyinin təmin olunması istiqamətində inqilabi addım hesab edilə bilər. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” Qanuna edilən düzəlişlər işəgötürənlərin üzərinə konkret və ciddi öhdəliklər qoyur.

Yeni qaydalara əsasən, artıq işəgötürənlər təkcə eyni vəzifədə çalışanlara deyil, həm də “bərabər dəyərli” işi yerinə yetirən qadın və kişilərə tamamilə eyni əməkhaqqı ödəməyə borcludurlar. İşin bərabər dəyərli olması isə əmək funksiyasının xarakteri, iş şəraiti və tarif-ixtisas xüsusiyyətləri əsasında müəyyən ediləcək. Bununla yanaşı, işəgötürənlər eyni intizam pozuntusuna görə cinsindən asılı olaraq işçilərə fərqli cəzalar verə bilməz, həmçinin iş yerində seksual qısnamanın və ayrı-seçkiliyin qarşısını almaq üçün preventiv tədbirlər görməyə məvburdurlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu dəyişikliklər ölkədə əmək bazarının şəffaflaşmasına və gizli diskriminasiya hallarının aradan qaldırılmasına xidmət edir: “İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyinin qanunla konkretləşdirilməsi çox mühüm məqamdır. Təcrübədə biz çox vaxt görürük ki, eyni çətinlikdə və eyni məsuliyyətdə iş görən qadın işçilər bəzən kişilərdən daha az maaş alırlar. Qanuna edilən ‘bərabər dəyərli iş’ anlayışı bu boşluğu doldurur. Yəni vəzifə adları fərqli olsa belə, əgər görülən işin ağırlığı və şirkət üçün əhəmiyyəti eynidirsə, maaşlar da bərabər olmalıdır”.

Ekspert qeyd edib ki, bu yenilik həm də işəgötürənlərin daxili intizam və əməkhaqqı siyasətinə yenidən baxmasını zəruri edir: “Qanun layihəsinin qəbulu o deməkdir ki, işəgötürən artıq subyektiv yanaşmalarla əməkhaqqı təyin edə bilməyəcək. Əmək Məcəlləsinin 154-cü maddəsinə edilən əlavə birbaşa göstərişdir. Əgər bir müəssisədə eyni pozuntuya görə kişiyə xəbərdarlıq edilib, qadına şiddətli töhmət verilirsə və ya əksinə olursa, bu artıq qanun pozuntusu sayılacaq. Cinsi mənsubiyyətə görə hər hansı bir üstünlüyün və ya məhdudiyyətin tətbiqi işəgötürən üçün ciddi hüquqi məsuliyyət yaradacaqdır”.

Əkrəm Həsənov həmçinin vurğulayıb ki, beynəlxalq standartlara uyğun gələn bu dəyişikliklər uzunmüddətli perspektivdə iqtisadi məhsuldarlığı artıracaq: “İşçilər arasında ədalət hissi güclənəndə motivasiya da artır. ‘Bərabər işə görə bərabər əməkhaqqı’ prinsipi sosial dövlət anlayışının əsas sütunlarından biridir. İndi əsas məsələ bu qanunların icrasına nəzarət mexanizminin necə işləyəcəyidir. Dövlət Əmək Müfəttişliyi Xidməti bu məsələdə monitorinqləri gücləndirməli və daxil olan şikayətləri yeni qanunvericilik prizmasından dəyərləndirməlidir”.

Tunar,
NOCOMMENT.az