“Azərbaycan İdman Akademiyası” Publik Hüquqi Şəxsi əsas binanın ön fasadının əsaslı təmiri üçün satınalma keçirib və tenderin qalibi “CRYSTAL İNŞAAT” ASC olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qurum şirkətlə 143.690,96 AZN məbləğində müqavilə bağlamağa hazırlaşır. Lakin təqdim olunan iş həcmi və xərclər siyahısı təmirin gerçək miqyası ilə bağlı suallar yaradır.
Rəsmi sənədlərdə fasad təmiri adı altında təkcə rəngləmə və suvaq işləri deyil, həm də geniş elektrik xətləri yenilənməsi, yüksək gərginlikli kabellərin çəkilməsi, LED işıqlandırma sistemlərinin quraşdırılması, hətta split kondisioner sistemlərinin sökülüb-yığılması kimi müxtəlif sahələri əhatə edən işlər yer alıb. Bu isə tenderin sırf fasad təmiri yox, daha çox “kompleks yenidənqurma paketi”nə çevrildiyini göstərir.
Belə ki, Akademiya 16 metr hündürlüyə qədər inventar taxtabəndlərin qurulub-sökülməsi, divar işıq işarələri və zaman relelərinin yenilənməsi, 0,66 kV və 1 kV gücündə kabellərin çəkilməsi, kabel borularının dəyişdirilməsi, dekorativ məhlullarla yüksək keyfiyyətli suvaq işləri, həmçinin müxtəlif səthlərin tamamilə sökülməsi və yenidən bərpası kimi işlərin hamısını bu tenderə daxil edib.
Bununla yanaşı, smetaya “nəzərdə tutulmamış işlər və xərclər üçün 2% ehtiyat vəsaiti” də əlavə olunub. Bu maddə adətən böyük inşaat paketlərində görünür və tenderin ümumi dəyərini şişirdən detallar hesab olunur.
Diqqət çəkən digər məqam isə split sistem kondisionerlərinin həm sökülməsi, həm də quraşdırılması ilə bağlı əməliyyatların fasad təmiri çərçivəsində göstərilməsidir. Ekspertlər bildirir ki, bu tip işlərin fasadla bilavasitə əlaqəsi olmur və adətən ayrıca mexaniki-texniki layihə ilə həyata keçirilir.
Tenderin qalibi “CRYSTAL İNŞAAT” ASC son zamanlar bir neçə dövlət satınalmasında görünən şirkətlərdən biridir. Şirkətin təqdim etdiyi qiymətlərin bazar uyğunluğu və bütün bu işlərin gerçəkdə nə qədər zəruri olduğu isə sual altındadır.
Akademiyanın bu qədər geniş iş paketini “fasad təmiri” adı altında niyə bir tenderə daxil etməsi, eləcə də ayrılan 143 min manatın necə əsaslandırıldığı barədə qurumdan açıqlama almağa çalışacağıq.
*Xatırladaq ki, 2021-ci ildə mediada Fuad Hacıyevin milyonluq villası və bahalı avtomobili ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, rektorun Xətai rayonunda yaşadığı mənzilin yaxınlığında əlavə olaraq dəyəri təxminən 1 milyon manat olan daha bir villası mövcuddur.
Bundan başqa, onun 440 min manat (259 min dollar) dəyərində son model “Range Rover” markalı avtomobil aldığı qeyd olunurdu. “10 CN 394” dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı Cəmilə İbrahimovanın adına rəsmiləşdirilib, Fuad Hacıyev isə avtomobili etibarnamə ilə idarə edib.













