İranın ali dini lideri ayətullah Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində öldürülməsi bir məsələni yenidən müzakirə mövzusuna çevirib. Bəllidir ki, Rusiyanın dünyada və bölgədə ən yaxın müttəfiqlərindən biri də cənub qonşumuzdur. Amma görünən odur ki, Vladimir Putin rəhbərliyindəki Rusiya özünü “qlobal güc mərkəzi” kimi təqdim etsə də, real müttəfiqlərini qorumaqda ardıcıl şəkildə aciz qalır.
Kreml uzun illərdir ki, “müttəfiqlərə sədaqət” ritorikası üzərindən regional təsir dairələri qurmağa çalışsa da, praktikada bu vədlərin çoxu kağız üzərində qalır. Nəticədə Rusiyaya güvənən ölkələr ya tək buraxılır, ya da böyük geosiyasi alverlərin qurbanına çevrilir.
NOCOMMENT.az xəbər verir ki, bu prosesin ən bariz nümunələrindən biri Yaxın Şərqdə müşahidə olunur. Belə ki, Moskvanın uzun illər siyasi və hərbi baxımdan dəstəklədiyi Suriyadakı Bəşər Əsəd rejimi tarixin arxivinə atılıb və şimal qonşumuzun Bəşər Əsədə “ən böyük yaxşılığı” ona Moskvada sığınacaq vermək olub.
Venesuela lideri Nikolas Maduronun isə, taleyi ortadadır. Bəlkə də Amerikada edam olunacaq. Amma o, Putinə çox inanırdı…
Çox da uzaq olmayan bir tarixə də ekskursiya edək. 2010-cu ildə həm də Kremlin dəstəyi ilə Ukraynada hakimiyyətə gətirilən Viktor Yanukoviç kreslosunda çox da otura bilmədi. Onun 2014-cü ildə oğulları Aleksandr və Viktorla birlikdə Rusiyaya qaçmaqdan başqa yolu qalmadı. Haradasa İraqın keçmiş prezidenti Səddam Hüseynin də Putinlə yaxın əlaqələrinin olduğunu söyləmək mümkündür. Təsadüfi deyil ki, 2003-cü ildə Amerika bu ölkəyə qoşun yeridəndə Rusiya dünyada nadir dövlətlərdən oldu ki, İraqa sülhməramlı kimi girmədi. Amma ABŞ tərəfindən Səddam Hüseyn edam olunanda Putin sadəcə susdu…
Bütün bu faktlar Moskvanın “qoruyucu patron” obrazını ciddi şəkildə sarsıdır.
Rusiya niyə öz müttəfiqlərini qoruya bilmir?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bildirib ki, Bəşir Əsəd, Maduro, Xamenei kimi fiqurların fonunda Putinin öz müttəfiqlərini müdafiə edə bilməməsi ilə bağlı iddialar hər keçən gün daha da aktuallaşması təbiidir: “Düşünürəm ki, burada birinci və əsas amil Rusiyanın strateji prioritetləridir. Moskva üçün hazırda ən mühüm istiqamət Ukrayna müharibəsidir. Bu müharibə həm hərbi, həm iqtisadi, həm də diplomatik baxımdan böyük resurs tələb edir. Uzunmüddətli sanksiyalar, hərbi xərclərin artması və daxili iqtisadi təzyiqlər Kremlin manevr imkanlarını məhdudlaşdırır. Belə şəraitdə Rusiya uzaq regionlarda məsələn, Latın Amerikasında və ya Yaxın Şərqdə birbaşa və genişmiqyaslı müdaxilə etmək imkanına malik deyil.
Digər mühüm məqam Rusiyanın müttəfiqlik modelinin xarakteridir. Moskvanın qurduğu əlaqələr klassik müttəfiqlik münasibətlərinə əsaslanmır. Bu münasibətlər daha çox ortaq maraqlara, enerji əməkdaşlığına və Qərbə qarşı balans siyasətinə söykənir. Kreml üçün əsas prinsip ideoloji sədaqət deyil, milli maraqdır. Əgər hansısa liderin hakimiyyətdə qalması Rusiyanın konkret strateji maraqlarına xidmət edirsə, Moskva onu dəstəkləyir. Lakin həmin dəstək özü də həmişə limitlidir və risk–fayda hesablamasına əsaslanır. Əgər bu və ya digər müttəfiqi müdafiə üçün sərf olunan vəsait, verilən dəstək xərci potensial qazancı üstələyirsə, Kreml daha çox diplomatik bəyanatlarla kifayətlənmək yolu seçir.
İranla bağlı da eyni hal müşahidə olunmaqdadır. Belə ki, Rusiyanın İranla münasibətləri heç bir zaman müttəfiq münasibətləri olmayıb. Bu münasibətlər daha çox taktiki və situativ əməkdaşlıq xarakteri daşıyıb. Bu iki ölkənin yaxınlaşmasının əsas səbəbləri qərb sanksiyaları fonunda alternativ tərəfdaş axtarışından, ABŞ təsirinə qarşı balans yaratmaqdan, ayrı-ayrı bölgələrdə, məsələn Suriyada ortaq maraqlardan qaynaqlanır. Amma bu münasibətlər ideoloji və ya dərin təhlükəsizlik ittifaqı səviyyəsində deyil. Tərəflər arasında ciddi etimad problemi də mövcuddur. Moskva heç vaxt Tehranın regional hegemonluq ambisiyalarını tam dəstəkləməyib. Enerji bazarında da hər iki ölkə bir-birilə rəqabət aparır. İrandakı müharibə fonunda Asiya bazarları faktiki olaraq Rusiyanın enerji məhsullarına daha çox ehtiyacla üzləşəcəklər.
Ümumiyyətlə isə sadalananlar göstərir ki, Putin heç vaxt öz müttəfiqlərini qorumaq üçün ciddi qarşıdurmalara və ya ciddi resurs sərfinə gedən deyil. Çünki Rusiya heç kimə müttəfiq olaraq yanaşmır”. /Musavat.com/













