Azərbaycanda daşınmaz əmlak bazarı həm investisiya, həm də yaşayış ehtiyaclarının ödənilməsi baxımından ən dinamik sahələrdən biridir. Lakin mülkiyyətində olan evi, mənzili və ya obyekti satmaq istəyən hər bir vətəndaş üçün ən vacib məqamlardan biri dövlət qarşısında yaranan vergi öhdəlikləridir. Çox vaxt vətəndaşlar hansı hallarda vergi ödəməli olduqlarını, hansı hallarda isə güzəştlərdən yararlana biləcəklərini dəqiq bilmirlər.
Vergi Məcəlləsinin tələblərinə əsasən, əmlak satışı zamanı vergitutma obyekti satışdan əldə edilən gəlir deyil, əmlakın yerləşdiyi zona və sahəsi əsas götürülməklə hesablanan sadələşdirilmiş vergidir. Bu qayda həm fərdi yaşayış evlərinə, həm mənzillərə, həm də qeyri-yaşayış sahələrinə şamil edilir. Xüsusilə son illərdə vergi qanunvericiliyində edilən dəyişikliklər və rəqəmsallaşma prosesi bu sahədə şəffaflığı artırsa da, vətəndaşların hüquqi maariflənməsinə hələ də böyük ehtiyac duyulur.
Əmlak satışı zamanı yaranan vergi öhdəlikləri və azadolma halları ilə bağlı ən çox verilən suallara əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə NOCOMMENT.az -a açıqlamasında aydınlıq gətirib.
Məsələ ilə bağlı saytımıza danışan ekspert bildirib ki, vətəndaşların ən çox diqqət etməli olduğu məqam əmlakın mülkiyyətdə olma müddəti və qeydiyyat faktıdır:
“Qanunvericiliyə əsasən, əgər fiziki şəxs satdığı yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatdadırsa, həmin əmlakın satışından vergi ödənilmir. Bu, vətəndaşlar üçün nəzərdə tutulan ən böyük güzəştdir. Lakin burada bir nüans var: əgər şəxs mülkiyyətində olan evdə 5 ildən az müddətdə qeydiyyatdadırsa və ya ümumiyyətlə qeydiyyatda deyilsə, satış zamanı mütləq vergi hesablanacaq”.
O, qeyd edib ki, yaşayış sahələrinin satışında vergi hesablanarkən ümumi sahənin bir hissəsi güzəştli kateqoriyaya daxil edilir:
“Vətəndaşın şəxsi mülkiyyətində olan yaşayış sahəsinin satışı zamanı ümumi sahənin 30 kvadratmetrə qədər olan hissəsi vergidən azaddır. Vergi yalnız bu limitdən artıq qalan hissəyə tətbiq olunur. Məsələn, 100 kvadratmetrlik mənzil satılırsa, vergi cəmi 70 kvadratmetr üçün hesablanır. Hesablama isə baza məbləği olan 15 manatın əmlakın yerləşdiyi zonanın əmsalına vurulması ilə aparılır. Bakı şəhəri 12 zonaya bölünüb və mərkəzə doğru getdikcə vergi məbləği artır”.
Ekspertin sözlərinə görə, qeyri-yaşayış sahələrində (ofis, mağaza və s.) vəziyyət bir qədər fərqlidir və orada heç bir kvota güzəşti tətbiq olunmur:
“Qeyri-yaşayış sahələrinin satışında 30 kvadratmetrlik güzəşt yoxdur və vergi məbləği yaşayış sahələrinə nisbətən 1.5 dəfə daha yüksək yüksəldici əmsalla hesablanır. Həmçinin, ailə üzvləri arasında əmlakın hədiyyə edilməsi, vərəsəlik yolu ilə keçməsi və ya ər-arvad arasında mülkiyyət ötürülməsi halları vergidən azaddır. Vətəndaşlara tövsiyə edirik ki, alqı-satqı prosesinə başlamazdan əvvəl əmlakın mülkiyyət sənədlərini və qeydiyyat tarixini yoxlasınlar, çünki bu, onları gözlənilməz xərclərdən xilas edə bilər”.
Tunar
NOCOMMENT.az









