Sərhəddə delimitasiya: Azərbaycanı bundan sonra NƏ GÖZLƏYİR?backend

Sərhəddə delimitasiya: Azərbaycanı bundan sonra NƏ GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin sürətlənməsi, xüsusilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətinin İrəvana səfəri fonunda regionda yeni bir geosiyasi mənzərə formalaşmaqdadır. Bu proses Ermənistanın daxili siyasi mühitində ciddi təlatümlərə və Nikol Paşinyan hökumətinə qarşı ittihamların kəskinləşməsinə səbəb olub. Müxalif dairələr və müəyyən media resursları peyk görüntülərinə istinadən iddia edirlər ki, sərhədlərin müəyyənləşməsi zamanı real vəziyyət rəsmi İrəvanın bəyanatlarından fərqlidir və koordinatların gizli saxlanılması Azərbaycanın xeyrinə böyük ərazilərin nəzarətə keçməsi ilə nəticələnib. Təqdim olunan xəritə analizlərinə əsasən, təxminən 5,9 kvadrat kilometr ərazinin Azərbaycanın tam nəzarətinə keçdiyi, Ermənistanın isə cüzi bir sahə ilə kifayətləndiyi vurğulanır. Bu narahatlıqlar əslində Ermənistanın illərdir işğal və ya “neytral zona” adı altında saxladığı ərazilərin beynəlxalq hüquqi çərçivədə öz həqiqi sahibinə – Azərbaycana qaytarılması prosesinin yaratdığı daxili psixoloji sarsıntıdır. Rəsmi Bakı bu məsələdə hər zaman sovet dövrü xəritələrinə və beynəlxalq hüququn prinsiplərinə istinad edərək, mərhələli və texniki həll yolunu üstün tutub. Ermənistanın Müdafiə Nazirliyi və delimitasiya komissiyasının susqunluğu isə bu reallığın artıq qəbul edildiyini, sadəcə cəmiyyətə izah olunmasında çətinlik çəkildiyini nümayiş etdirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Qabil Hüseynli qeyd edib ki, Ermənistanda baş qaldıran bu hay-küy əsassızdır və prosesin mahiyyətini dəyişmək iqtidarında deyil: “Erməni tərəfinin və oradakı revanşist qüvvələrin ‘ərazilər itirilir’ deyə bağırışları əslində Azərbaycanın suveren hüquqlarının bərpasına mane olmaq cəhdidir. Delimitasiya prosesi sovet dövrünün rəsmi xəritələrinə əsaslanır və Azərbaycan sadəcə özünə məxsus olanı, illərlə işğal altında qalmış və ya qeyri-qanuni şəkildə istifadə edilmiş torpaqlarını geri alır. 5,9 kvadrat kilometrlik ərazinin Azərbaycanın nəzarətinə keçməsi hərbi zəfərin diplomatik və hüquqi müstəvidə davamıdır. Paşinyan hökuməti başa düşür ki, bu xəritələrlə mübahisə etmək beynəlxalq birliyə qarşı çıxmaqdır, ona görə də prosesi texniki səviyyədə davam etdirməyə məcburdur”.

Onun sözlərinə görə, sərhəd dirəklərinin quraşdırılması regionda uzunmüddətli sülhün təməlini qoyur və Ermənistan cəmiyyəti bu reallıqla barışmalıdır: “Sərhədlərin dəqiq müəyyən olunması gələcəkdə baş verə biləcək hərbi eskalasiya risklərini minimuma endirir. Ermənistan daxilindəki şəffaflıq müzakirələri onların daxili problemidir; Azərbaycan üçün əsas olan odur ki, delimitasiya beynəlxalq prinsiplər daxilində və bizim maraqlarımıza uyğun şəkildə icra olunur. Berkaber istiqamətində və ya digər zonalarda baş verən dəyişikliklər tərəflərin qarşılıqlı tanınmış sərhədlərinə qayıtmasıdır. Azərbaycanın addım-addım öz hədəflərinə çatması regionda güc balansının kimin xeyrinə olduğunu bir daha sübut edir”. Bu proses bir daha təsdiqləyir ki, Azərbaycan həm döyüş meydanında, həm də masa arxasında öz maraqlarını qorumaq iqtidarındadır və Ermənistandakı daxili siyasi oyunlar bu strateji gedişatı dayandıra bilməyəcək.

Tunar,
NOCOMMENT.az