Onkologiyada baş verən partlayış: Qumbara oraya necə buraxılıb?backend

Onkologiyada baş verən partlayış: Qumbara oraya necə buraxılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 30-da paytaxtın Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş vermiş dəhşətli hadisə cəmiyyətdə böyük rezonans doğurmaqla yanaşı, ictimai müəssisələrdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Baş Prokurorluğun rəsmi məlumatına əsasən, onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz yolla əldə etdiyi partlayıcı qurğunu mərkəzin Radiologiya şöbəsində işə salıb. Hadisənin əsas hədəfi olan həkim Asif Nəsirov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayışı törədən şəxs isə hadisə yerindəcə dünyasını dəyişib. Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda ümumi təhlükəli üsulla adam öldürməyə cəhd və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanıb. Lakin hadisənin hüquqi tərəfi ilə yanaşı, xəstəxana kimi həssas bir müəssisəyə partlayıcı maddənin necə keçirilməsi sualı ciddi narahatlıq doğurur. Xüsusilə insanların kütləvi olduğu, ağır xəstələrin müalicə aldığı bir məkanda nəzarət mexanizminin bu dərəcədə zəif olması qüvvənlik sistemindəki boşluqlardan xəbər verir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhlükəsizlik üzrə ekspert Kamil Qayıbov qeyd edib ki, bu hadisə tibb müəssisələrində mühafizə sisteminin yalnız simvolik xarakter daşıdığını aşkar şəkildə nümayiş etdirir: “Təəssüf ki, bizim xəstəxanalarımızda təhlükəsizlik tədbirləri çox vaxt yalnız girişdə dayanan bir-iki mühafizəçidən ibarət olur. Bir şəxsin üzərində partlayıcı qurğu və ya silahla Radiologiya şöbəsinə qədər maneəsiz irəliləyə bilməsi, həmin müəssisədə metal detektorların (skanerlərin) ya olmadığını, ya da işlək vəziyyətdə olmadığını göstərir. Müasir dövrdə strateji obyekt sayılan xəstəxanaların girişində mütləq şəkildə rentgen aparatları və peşəkar yoxlama məntəqələri quraşdırılmalıdır. Xəstə olması kiməsə yoxlamadan kənarda qalmaq imtiyazı verməməlidir”.

Ekspert vurğulayıb ki, ictimai yerlərdə təhlükəsizlik protokolları köklü şəkildə dəyişdirilməlidir: “İnsanların kütləvi olduğu yerdə bir şəxs necə ola bilər ki, rahat halda qumbara keçirə bilsin içəri? Bu, mühafizə xidmətinin fəaliyyətsizliyidir. Xəstəxanalarda, xüsusən də Milli Onkologiya Mərkəzi kimi böyük və strateji müəssisələrdə daxili qüvənlik sistemi ən yüksək səviyyəyə qaldırılmalıdır. Yalnız sənəd yoxlamaqla mühafizə bitmir; şübhəli şəxslərin davranışları izlənilməli, hər bir çanta və bağlama ciddi nəzarətdən keçməlidir. Əgər girişdə müasir texniki avadanlıqlar olsaydı, həmin partlayıcı maddə dərhal aşkar edilərdi və bu gün bir həkim ölümlə pəncələşməzdi”.

Kamil Qayıbov əlavə edib ki, bu hadisə digər dövlət və özəl tibb müəssisələri üçün bir xəbərdarlıq olmalı, mühafizə xidmətlərinin hazırlıq səviyyəsi və texniki təchizatı prokurorluq və aidiyyəti orqanlar tərəfindən ciddi təftiş edilməlidir. Onun sözlərinə görə, təhlükəsizlik hər hansı büdcə qənaətinə qurban verilməyəcək qədər mühüm bir sahədir və xəstəxanalarda ‘açıq qapı’ sisteminə son qoyulmalıdır.

Tunar,
NOCOMMENT.az