Atatürkün etibar etdiyi azərbaycanlı general – Şəkili Məhəmmədin HEKAYƏSİbackend

Atatürkün etibar etdiyi azərbaycanlı general – Şəkili Məhəmmədin HEKAYƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tarixində iz qoymuş, lakin geniş kütlələrə çox da tanış olmayan simalardan biri də general-mayor Məhəmməd (Mehmet) Nuri Sarıkərimli Berközdür. O, təkcə hərbçi kimi deyil, həm də diplomatik çevrələrdə mühüm rol oynamış, hətta Mustafa Kemal Atatürk ilə Sovet rəhbərliyi arasında keçirilən danışıqlarda tərcüməçi kimi çıxış etmişdir. Bu fakt onun həm hərbi, həm də intellektual səviyyəsinin nə qədər yüksək olduğunu göstərir.

NOCOMMENT.az  Məhəmməd Nuri Sarıkərimli Berköz haqqında maraqlı faktları təqdim edir.

Məhəmməd Sarıkərimli Berköz 1889-cu ildə Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. İlk təhsilini yerli rus-müsəlman məktəbində və gimnaziyada alıb. 1905-ci ildə bölgədə baş verən qanlı hadisələr, xüsusilə erməni daşnak dəstələrinin törətdiyi vəhşiliklər ailəsini çətin seçim qarşısında qoyub. Atası Hacı İlyas ailənin təhlükəsizliyi naminə Osmanlı İmperiyasına köçmək qərarı verib.

1909-cu ildə İstanbulda Hərbi Akademiyaya daxil olan Berköz, qısa müddətdə öz bacarığı ilə seçilərək 1912-ci ildə leytenant rütbəsi ilə məzun olmuş və Osmanlı ordusunda xidmətə başlayıb. Birinci Dünya müharibəsindən sonra yenidən təhsilini davam etdirib, 1921-ci ildə isə Anadoluya keçərək Türk Qurtuluş Müharibəsində iştirak edib.

1934-cü ildə Türkiyədə soyad qanunu qəbul edildikdən sonra Sarıkərimli soyadını Berköz ilə əvəz edib. Onun həyatında xüsusi yer tutan məqamlardan biri isə 1933-cü ildə baş verib. Həmin il Sovet İttifaqının tanınmış hərbi rəhbərləri – Klim Voroşilov və Semyon Budyonnı Türkiyə Cümhuriyyətinin 10 illik yubileyində iştirak etmək üçün Ankaraya gəlmişdilər. Bu mühüm görüşlər zamanı Atatürk bütün rəsmi və qeyri-rəsmi danışıqların tərcüməsini məhz Mehmet Nuri Berközə həvalə edib. Bu etimad onun dövlət səviyyəsində nə qədər güvənilən şəxs olduğunu sübut edirdi.

1935-ci ildə o, Kiyevdə Qırmızı Ordunun hərbi təlimlərini izləyən türk hərbi missiyasına rəhbərlik edib, 1936–1937-ci illərdə isə Moskvada Türkiyənin hərbi attaşesi kimi fəaliyyət göstərib. İkinci Dünya müharibəsi dövründə SSRİ sərhədində yerləşən strateji əhəmiyyətli hərbi hissələrə komandanlıq edib, ölkəsinin təhlükəsizliyində mühüm rol oynayıb..

1946-cı ildə general-polkovnik rütbəsinə yüksələn Berköz, 1949-cu ildə Türkiyə Jandarma Qüvvələrinin komandanı təyin olunub. 1950-ci illərdə isə uzun və şərəfli xidmətindən sonra təqaüdə çıxıb.

Mehmet Nuri Berköz 1975-ci il yanvarın 18-də, 86 yaşında vəfat edib. O, İstanbulun Zincirlikuyu məzarlığında dəfn olunub. Həyatı boyunca Türkiyənin İstiqlal, Hərb və digər yüksək dövlət mükafatları ilə təltif edilib.

Məhəmməd Nuri Berköz həm Azərbaycan, həm də Türkiyə tarixi üçün önəmli simalardan biridir. Onun həyatı iki qardaş xalq arasında körpü rolunu oynayan nadir şəxsiyyətlərin parlaq nümunəsidir.

Turan
NOCOMMENT.az