Kərkükdə türk ZƏFƏRİ: 100 ildən sonra İLK! backend

Kərkükdə türk ZƏFƏRİ: 100 ildən sonra İLK! 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kərkük Vilayət Məclisində keçirilən son seçkilər yaxın tarixin ən strateji siyasi hadisələrindən biri kimi yadda qaldı. Mehmet Səman Ağanın Kərkük valisi seçilməsi sadəcə bir inzibati təyinat deyil, eyni zamanda regionda 100 illik fasilədən sonra türk idarəçiliyinin mənəvi və siyasi qayıdışıdır. Bu tarixi hadisə Türkiyənin Yaxın Şərqdəki nüfuzunu keyfiyyətcə yeni mərhələyə daşıyır.

Mehmet Səman Ağanın Ankara ilə olan sıx ideoloji bağlılığı, xüsusilə türk milliyyətçilik məktəbinin dəyərlərinə sadiqliyi, Türkiyənin bölgədəki “yumşaq güc” və təhlükəsizlik arxitekturasında əsaslı dəyişikliklərə yol açacaq. Kərkükün zəngin enerji resursları üzərində söz sahibi olmaq və İraqın daxili siyasi konfiqurasiyasında türkmənlərin həlledici qüvvəyə çevrilməsi Ankaranın regional liderlik iddialarını daha da möhkəmləndirir. Bu qələbə, Türkiyənin sərhədlərindən kənarda yaşayan soydaşlarının hüquqlarının qorunması və strateji dərinlik strategiyasının parlaq təzahürüdür.

Məsələ ilə bağlı professor Qabil Hüseynli NOCOMMENT.az-a bildirib ki, bu seçki bölgədəki qüvvələr nisbətini tamamilə dəyişən tarixi bir hadisədir: “Kərkük kimi strateji bir şəhərin valisinin türkmən siyasi düşərgəsindən seçilməsi, Türkiyənin İraqdakı mövqeyinin maksimal dərəcədə güclənməsi deməkdir. Bu, həm də Ankara ilə Bağdad arasında gələcək münasibətlərdə Türkiyənin əlinin daha güclü olacağını göstərir”.

Onun sözlərinə görə, Mehmet Səman Ağanın bu posta gəlməsi təkcə etnik qələbə deyil, həm də geosiyasi bir uğurdur: “Valinin Türkiyənin siyasi elitası ilə, xüsusən də milliyyətçi dairələrlə olan yaxın əlaqələri bölgədə yeni bir siyasi xəttin formalaşmasına rəvac verəcək. Bu təyinat Türkiyənin cənub sərhədlərindəki təhlükəsizlik kəmərini daha da poladlaşdıracaq və türk dünyasının birliyini simvolizə edəcək”.

Qabil Hüseynli qeyd edib ki, Kərkükün idarəçiliyinin yenidən bir türkə həvalə edilməsi bölgədəki separatçı meyllərə sarsıdıcı zərbədir: “Bu qələbə sayəsində İraqdakı türkmən varlığı artıq sadəcə statistik göstərici deyil, rəsmi idarəetmə gücü kimi qəbul ediləcək. Türkiyə bu fürsətdən istifadə edərək regionda həm iqtisadi, həm də hərbi-strateji maraqlarını ən yüksək səviyyədə təmin edə biləcək”. Kərkükün gələcək inkişafı və sabitliyi üçün bu seçki bir dönüş nöqtəsi olmaqla yanaşı, yaxın onilliklərdə regionun geosiyasi xəritəsində türk amilinin dominantlığını təmin edəcək ən mühüm amildir.

Tunar,
NOCOMMENT.az