Bakının mərkəzində, Şəmsi Bədəlbəyli küçəsi 92 ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birinə eyvan quraşdırılması məsələsinə aydınlıq gətirilib.
NOCOMMENT.az sorğusuna cavab olaraq Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, leysan yağışlarının təsirindən binanın beşinci mərtəbəsində yerləşən eyvan ciddi qəzalı vəziyyətə düşüb.
Qurumun məlumatına görə, təhlükə yaradan eyvan tam sökülüb və hazırda yenidən quraşdırılır.
Qeyd olunub ki, aparılan işlər mövcud qəzalı vəziyyətin aradan qaldırılması məqsədi daşıyır.
Xatırladaq ki, dünən Şəmsi Bədəlbəyli küçəsində, Heydər Əliyev Sarayının yaxınlığında yerləşən tarixi memarlıq üslublu binanın yuxarı hissəsində artırma işlərinin aparılması ilə bağlı xəbər yayımlanmışdı. Həmin vaxt əraziyə avtokran tipli xüsusi texnika gətirildiyi, binanın fasad və yuxarı hissəsində metal karkas quraşdırıldığı müşahidə olunmuşdu.// “Yeni Sabah”










