Fərari cəmiyyətin SAVAŞ QORXUSU – Ermənistanda NƏ BAŞ VERİR?backend

Fərari cəmiyyətin SAVAŞ QORXUSU – Ermənistanda NƏ BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hərbi-siyasi sferasında son günlər səslənən etiraflar bu ölkənin dövlətçilik sütunlarının nə dərəcədə sarsıldığını və cəmiyyətdəki dərin mənəvi aşınmanı çılpaqlığı ilə ortaya qoyur. Parlamentin müdafiə məsələləri üzrə komissiyasının üzvü Ayk Sarqsyanın 2025-ci ilin çağırış statistikası ilə bağlı açıqladığı rəqəmlər — çağırışçıların cəmi 30 faizinin orduya getməsi və bir il ərzində 2800 gəncin hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina etməsi — sadəcə demoqrafik böhran deyil, həm də Ermənistan ordusunun iflasının rəsmi təsdiqidir.

Baxmayaraq ki, 2024-cü ilin fevralından bu yana şərti sərhəddə genişmiqyaslı eskalasiya yaşanmır və tərəflər sülh sazişinin mühüm bəndləri üzərində razılığa gəliblər, erməni gəncliyi hələ də hərbi geyimdə ölməkdən və ya “naməlum” gərginliyin qurbanı olmaqdan qorxur. Gündəlik onlarla hərbçinin “itirilməsi” və xidmət şəraitinin ağırlığı Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı inamsızlığı pik həddə çatdırıb. Xüsusilə baş nazirin zaman-zaman səsləndirdiyi “sentyabrda müharibə ola bilər” tipli anonsları xalqı səfərbər etmək yerinə, əksinə, onların ölkədən qaçış sürətini artırıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Ermənistanda hərbi çağırışın iflasa uğraması bu ölkənin həm hərbi, həm də ideoloji baxımdan tamamilə tükəndiyini göstərir: “Ermənistan cəmiyyəti artıq dərk edir ki, onilliklər boyu onları inandırdıqları ‘yenilməz ordu’ mifi 44 günlük müharibədə darmadağın edilib və hazırkı orduda xidmət etmək heç bir perspektiv vəd etmir. Ayk Sarqsyanın açıqladığı rəqəmlər — potensial əsgərlərin 70 faizinin ordudan yayınması — bir dövlət üçün fəlakət anonsudur. Gənclərin kütləvi şəkildə vətəndaşlıqdan imtina etməsi isə o deməkdir ki, erməni gəncliyi öz gələcəyini bu dövlətlə bağlamır. İrəvanın sülh ritorikası ilə yanaşı, daxildə davamlı olaraq müharibə qorxusu yayması bumeranq effekti verir; Paşinyan xalqı qorxudaraq öz ətrafında sıxlaşdırmaq istəsə də, əslində onları ölkədən didərgin salır”.

Onun sözlərinə görə, Ermənistandakı hərbi fərarilik həm də ordudakı dözülməz şəraitin və xidmət edənlərin üzərinə düşən qeyri-insani yükün nəticəsidir: “Sərhəddə atəş səsləri kəsilsə də, Ermənistan ordusunun daxilindəki nizamnamədənkənar münasibətlər, qeyri-döyüş şəraitindəki itkilər və korrupsiya gəncləri vahiməyə salır. 2800 nəfərin vətəndaşlıqdan imtinası təkcə hüquqi prosedur deyil, bu, dövlətin varlığına qarşı nümayiş etdirilən kollektiv etirazdır. Paşinyan administrasiyasının ‘yeni müharibə’ anonsları artıq vətənpərvərlik hisslərini coşdurmur, əksinə, insanların canını qurtarmaq instinktini işə salır. Ermənistan bu gün sülhə məhkumdur, çünki onun nəinki döyüşməyə texnikası, hətta səngərə göndərməyə əsgəri də qalmayıb”.

Tunar,
NOCOMMENT.az