Hörmüz boğazı ətrafındakı geosiyasi vəziyyət köklü transformasiya mərhələsinə qədəm qoyub. Tehran rəsmilərinin bəyanatları və ABŞ Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri göstərir ki, region artıq alışılmış “azad gəmiçilik” zonası olmaqdan çıxır. İndi bu strateji su yolu sərt iqtisadi və hərbi qarşıdurma meydanına çevrilməkdədir.
NOCOMMENT.az xəbər verir ki, İran boğazı bağlamaq hədələrindən imtina edərək, onu “monetizasiya” etmək strategiyasına keçir. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Borucerdi bəyan edib ki, əvvəlki status-kvoya qayıdış olmayacaq. Tehran təhlükəsizliyin təmin olunması xərclərini əsas gətirərək, boğazdan keçən gəmilərdən rüsum toplamaq niyyətindədir. Ödənişlərin yalnız rial (xüsusilə rəqəmsal rial) ilə tələb edilməsi isə beynəlxalq sanksiyalardan yan keçmək və milli valyutaya süni tələbat yaratmaq məqsədi daşıyır.
Vaşinqton isə bu təşəbbüslərə güclə cavab verməyə hazırlaşır. “Flightradar24” və kəşfiyyat resurslarının məlumatına görə, ABŞ CENTCOM-un məsuliyyət zonasına rekord sayda hərbi-nəqliyyat və yanacaqdolduran təyyarələr cəlb edir. Eyni zamanda, beynəlxalq sularda İran tankerlərinə qarşı əməliyyatların keçirilməsi və danışıqlar prosesinin iflasından sonra İran ərazisinə birbaşa zərbələrin endirilməsi ehtimalı saatbasaat artır. Hörmüz boğazı indi həm qlobal iqtisadiyyat, həm də regional təhlükəsizlik üçün “mükəmməl fırtına” nöqtəsinə çevrilib.
Sara,
NOCOMMENT.az









