AzTV-də 60 minlik kredit qalmaqalı – Rövşən Məmmədov tələbəsi ilə yollarını ayırdıbackend

AzTV-də 60 minlik kredit qalmaqalı – Rövşən Məmmədov tələbəsi ilə yollarını ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, xəbərlər departamentində prodüser vəzifəsində çalışan Vüsal Qaraca tutduğu vəzifədən istefa verib.

NOCOMMENT.az xəbər verir ki, istefa ərizəsi kanalın sədri Rövşən Məmmədovun tələbi ilə yazılıb və dərhal rəhbərlik tərəfindən qəbul edilərək imzalanıb.

V.Qaracanın istefasına səbəb kimi iş yoldaşlarının 60 min manatdan çox vəsaitini mənimsəmə ittihamı göstərilir. İddialara əsasən, o, iş yoldaşlarının adına külli miqdarda kreditlər götürüb və onları ödəməyib, bu da əməkdaşlar arasında ciddi narazılığa və münaqişəyə yol açıb. Məsələdən xəbər tutan sədr Rövşən Məmmədov dərhal V.Qaracanın vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib.

Məlumatlı mənbənin bildirdiyinə görə, Vüsal Qaraca və Rövşən Məmmədov arasında uzun illərə dayanan münasibət mövcuddur. Məlumata görə, Vüsal Qaraca Azərbaycan Universitetində tələbə olduğu illərdə, Lider TV-də çalışan və paralel olaraq həmin ali təhsil ocağında müəllimlik fəaliyyəti ilə məşğul olan Rövşən Məmmədovun tələbəsi olub.

Məhz müəlliminin köməyi ilə V.Qaraca əvvəlcə Lider TV-də işə düzəlib. Rövşən Məmmədov AzTV-yə sədr təyin olunduqdan sonra özünün “ən yaxşı kadrı” hesab etdiyi V.Qaracanı da kanala dəvət edib. Vüsal Qaraca AzTV-də fəaliyyəti dövründə kanalın “mobil qrup”unun admini və xəbərlər direktorunun müavini kimi məsul vəzifələrdə çalışıb.

AZTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov 32gun.az-a açıqlamasında V.Qaracanın işdən ayrıldığını təsdiqləyib.

R.Seyidovun sözlərinə görə, həmin şəxs departament rəhbəri vəzifəsində çalışmayıb, digər bir vəzifəni icra edirmiş: 

“V.Qaracanın işdən çıxma səbəblərinə gəldikdə isə, bu, qurumumuzun daxili kadr siyasəti və prosedurları ilə bağlıdır. Məxvilik siyasətinə əsasən, bu barədə ətraflı məlumat verə bilmərəm. İşdən ayrılma səbəbləri ilə bağlı məsələni şəxsin özündən dəqiqləşdirməyiniz daha məqsədəuyğundur. Onun işdən ayrılmasının pul məsələləri ilə bağlı olması barədə yayılan iddiaları isə eşitmişəm, lakin bu məlumatı təsdiq və ya təkzib edəcək rəsmi bilgilərə sahib deyiləm, o sadəcə ərizəsini yazdı və çıxdı getdi”./32gun.az/