Vəfat etmiş şəxslərin bank qarşısındakı kredit öhdəliklərinin taleyi və bu borcların ailə üzvlərinə keçmə mexanizmi son vaxtlar cəmiyyətdə ən çox sual doğuran hüquqi məsələlərdən birinə çevrilib. Mövcud qanunvericiliyin tələblərinə görə, şəxsin ölümü onun borclarının avtomatik silinməsi mənasına gəlmir, çünki miras hüququ həm aktivləri, həm də öhdəlikləri özündə birləşdirən vahid bir anlayışdır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, varislər miras payını qəbul etdikləri andan etibarən həmin payın həcmində borclara görə də məsuliyyət daşıyırlar: “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vərəsəlik həm əmlakın, həm də borcların keçməsini nəzərdə tutur. Lakin burada mühüm bir məqam var ki, varis borca görə yalnız ona çatan miras payı həcmində cavabdehdir; yəni əgər vəfat edən şəxsdən 10 min manatlıq əmlak qalıbsa, varis 15 minlik borcun hamısını yox, məhz həmin 10 min manatlıq hissəsini ödəməyə borcludur”.
O, qeyd edib ki, varislərin bu yükdən azad olmaq üçün qanuni seçim imkanları mövcuddur: “Vətəndaş bilməlidir ki, əgər vəfat etmiş yaxınından qalan borcların həcmi miras qalan əmlakın dəyərindən çoxdursa və ya ümumiyyətlə heç bir əmlak qalmayıbsa, varis mirasdan rəsmən imtina edə bilər. Mirasdan imtina edildiyi təqdirdə, bankın və ya hər hansı kreditorun varisdən borcun ödənilməsini tələb etmək hüququ qanunla aradan qalxır. Banklar bəzən ailə üzvlərinin bu sahədəki məlumatsızlığından istifadə edərək təzyiq göstərməyə çalışsalar da, hüquqi baxımdan miras qəbul edilmədiyi müddətcə öhdəlik də yaranmır”.
Ekspert bildirib ki, bu cür xoşagəlməz halların və ailə daxili maliyyə böhranlarının qarşısını almağın ən sivil yolu kredit sığortasıdır: “Kredit götürülərkən həyat sığortasının rəsmiləşdirilməsi təkcə bankın maraqlarını yox, həm də varislərin gələcəyini qoruyur. Əgər borcalanın həyat sığortası varsa, ölüm hadisəsi baş verdikdə sığorta şirkəti qalıq borcu tam şəkildə bağlayır və ailə üzvlərinə həm miras əmlak qalır, həm də borc yükü ötürülmür. Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, uzunmüddətli kredit öhdəliklərinə girərkən sığorta müqaviləsinin şərtlərinə və onun aktivliyinə xüsusi diqqət yetirsinlər, çünki bu, gələcəkdə yarana biləcək ağır hüquqi və maliyyə fəsadlarının yeganə etibarlı sığortasıdır”.
Tunar,
NOCOMMENT.az










