Tehran Vaşinqtonla diplomatik bazarlığa start verərək qarşı tərəfə öz şərtlərini diktə etməyə başlayıb. İran tərəfi ABŞ ilə aparılan gərgin danışıqlar çərçivəsində xaricdə dondurulmuş aktivlərinin dərhal sərbəst buraxılmasını və ölkə iqtisadiyyatını boğan sanksiya rejiminin yumşaldılmasını tələb edir.
CNN-in mötəbər mənbələrinə istinadən NOCOMMENT.az xəbər verir ki, rəsmi Tehranın əsas hədəfi hazırda beynəlxalq bank hesablarında bloklanmış təxminən 20 milyard dollar məbləğində nəhəng vəsaitə çıxış əldə etməkdir. İqtisadi təzyiqin azaldılması və bu vəsaitlərin ölkəyə qaytarılması İran rəhbərliyi üçün dialoqun davam etdirilməsinin əsas və dəyişməz şərti hesab olunur.
Hazırda Vaşinqton və Tehran müxtəlif vasitəçilər üzərindən ortaq məxrəcə gəlməyə, mövcud gərginliyi azaltmağa çalışırlar. Lakin bu nəhəng məbləğin geri qaytarılması və sanksiyaların gələcək taleyi ətrafında gedən siyasi ticarət tərəflər arasında əsas maneə və “kök düyünü” olaraq qalmaqdadır. Ekspertlər hesab edir ki, bu məbləğin sərbəst buraxılması regiondakı geosiyasi tarazlığa ciddi təsir göstərə bilər.
Sara,
NOCOMMENT.az










