Bakıda hələ də rəsmi olaraq parklanma yeri kimi nəzərdə tutulmayan, amma sürücülərdən ödəniş tələb edilən yerlər var.
NOCOMMENT.az xəbər verir ki, həmin ərazilərdə avtomobillərini park edən sürücülərdən 1 manat ödəniş tələb edilir.
Sözügedən yerlərdən birində vətəndaşlardan ödəniş alan şəxsə yaxınlaşdıq, lakin çəkiliş qrupumuzu gördükdə ərazidən uzaqlaşdı.
Daha sonra şifahi şəkildə rəhbərliyinin burada olmadığını, özünün isə açıqlama verə bilməyəcəyini dedi. Digər suallarımızı isə cavablandırmaqdan imtina etdi.
Sürücülər də paytaxtın bəzi ərazilərində parklanma yeri kimi nəzərdə tutulmayan yerlərdə onlardan ödəniş tələb edildiyini bildirdilər:
Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tamamilə qanunsuzdur. Vətəndaşlara qanunsuz pul tələbi ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunur. O da qeyd edildi ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub. Fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. “Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir”,-deyə Agentlikdən bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










