Yevlax rayonunda gənc oğlan qeyri-rəsmi ər-arvad münasibətində olduğu qıza xəsarət yetirib.
NOCOMMENT.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Bəhruz arvadı Elmira (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların mübahisəsinə səbəb isə Bəhruzun başqa bir qadınla münasibətdə olması olub.
Belə ki, məlum hadisə günü, gecə saat 2 radələrində birgə yaşadıqları evdə Bəhruzun qeyri rəsmi ər-arvad münasibətində olduğu Elmira onun mobil telefonuna baxarkən, telefonun fotoşəkillər bölməsində onunla aralarında sevgi münasibəti olan digər qadının fotosunu görüb.
Elmira həmin fotonu mobil telefondan sildiyini görən Bəhruz onunla mübahisə yaradıb. Baş vermiş mübahisə zamanı Bəhruz bıçaqla qadının bədən nahiyəsinə ardıcıl bıçaq zərbələri vurub.
İş üzrə izahat verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Elmiranı təxminən 5 il əvvəl tanıyıb və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıblar:
“Bir müddət əvvəl Bakı şəhərində Lalə adlı qızla tanış oldum və bir-birimizi sevdik. Mən birinci münasibətdə olduğum Elmira barəsində də ona danışdım. Lalə də bunu bilə-bilə məni qəbul etdi və biz gələcəkdə ailə qurmaq istədik. Lakin Elmira bununla barışmadı və mənim Lalə ilə ailə qurmağıma imkan verməyəcəyini dedi. Sonrakı vaxtlarda Elmiraya ayrılacağımı dedim. Amma Elmira Lalənin şəkillərini paylaşacağı ilə məni hədələdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü Elmiraya zəng edib və onunla görüşmək istədiyini bildirib:
“Həmin gün saat 20 radələrində Elmiranı dəmir yolunun kənarından götürdüm və birlikdə yaşadığımız evə apardım. Evdə Elmira ilə içmək üçün pivə aldım və fikirləşdim ki, Elmira pivə içərək sərxoş olar, mən də bundan istifadə edərək Lalənin mənimlə olan ədəbsiz şəkilləri onun mobil telefonundan silərəm. Həmin gün gecə saatlarına kimi Elmira pivə içərək sərxoş oldu. Elmiranın mobil telefonundan Lalənin şəkillərini sildim. Elmira bunu biləndə əsəbiləşdi və mənimlə mübahisə edərək ünvanıma nalayiq söyüşlər söydü. Mən də onun hərəkətlərindən əsəbiləşdim və evdə olan mətbəx bıçağını götürərək bir neçə dəfə qorxutmaq üçün onun bədəninin müxtəlif nahiyələrinə vurdum. Elmiranı vurduğum mətbəx bıçağını yaşadığım evin yaxınlığındakı su kanalına atdım”.
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti olmamasını və Amnistiya aktının təsiri dairəsinə düşdüyünü nəzərə alınmasını məhkəmədən xahiş edib.
Zərərçəkmiş Elmiranın sözlərinə görə, təxminən 5 il əvvəl Bəhruz ilə tanış olub və onunla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıblar: “Bizim münasibətlərimizi mənim və Bəhruzun ailə üzvləri də biliblər. Məlum hadisədən bir gün əvvəl Bəhruz mənə zəng edərək görüşmək istədiyini bildirdi. Mən razılaşdım və həmin gün saat 20 radələrində Bəhruz gələrək məni dəmir yolunun kənarından götürdü və birlikdə Bəhruzgilin evlərinə getdik. Bəhruz mənim mobil telefonumu götürərək Lalə ilə olan fotoşəkillərini telefondan silməsi üstündə aramızda mübahisə yarandı. Biz əvvəlcə sözlə mübahisə etdik. Daha sonra Bəhruz evdə olan mətbəx bıçağını götürərək üstümə gəldi və həmin bıçaqla çiyin, bud nahiyələrimə vuraraq xəsarət yetirdi. Orada olan şəxs bizi aralaşdırdı. Mən hər dəfə Bəhruza və onun bacısına demişəm ki, Bəhruz polisə düşməsin deyə onlarla razılaşmışam və xəstəxaya getməmişəm. Lakin yaralarım ağrıyır, mənə dərman almağa pul lazımdır. Buna baxmayaraq Bəhruzgil mənimlə maraqlanmadılar və bundan sonra onların hərəkətlərindən əsəbiləşərək Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verdim”.
Yevlax Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.//demokrat.az










