TƏBİB-in yeni rəhbəri Anar Bayramovun Bakıdakı xəstəxana direktorlarının “ərizəsini alması” ilə başlayan proses, əslində, illərdir can çəkən bir sistemin post-faktum etirafıdır. İllərdir mediada bağıran, sosial şəbəkələrdə fəryad edən, xəstəxana dəhlizlərində haqsızlıqla üzləşən vətəndaşın səsi sanki bir divara dəyib geri qayıdırdı.
İndi isə bizə təqdim olunan mənzərə budur: yeni rəhbər gəldi və bir günün içində gördü ki, sistem çürüyüb, kadrlar dəyişməlidir, mexanizm yenilənməlidir. Yaxşı, bəs sual olunur: bu günə qədər hara baxırdınız? Bu illər ərzində bu direktorların, baş həkimlərin “kiçik krallıqlar” qurmasına, icbari tibbi sığortanın milyonlarını şəxsi büdcəsinə transfer etməsinə kimlər göz yumurdu?
Bu gün baş verən kütləvi işdənçıxarmalar, əslində, bir idarəçilik uğurundan çox, böyük bir uğursuzluğun təsdiqidir. Biz illərdir yazırıq ki, TƏBİB-in tabeliyindəki müəssisələrdə xəstə alveri gedir, analizlərlə manipulyasiya olunur, bahalı tibbi avadanlıqlar üzərindən “yaradıcı sxemlər” qurulur. Jurnalistlər sorğu göndərir, mətbuat xidməti isə ya susur, ya da şablon, mənasız cavablarla vaxt qazanır. İndi Anar Bayramov gəlib və birdən-birə bəlli olub ki, bəli, vəziyyət bərbaddır? Bu qədər sadədirmi? İllərlə qurulan o korrupsiya piramidasının alt qatında əzilən xəstələrin, dərman tapa bilməyən kasıbın, növbələrdə can verən qocanın hesabını kim verəcək?
Məsələ təkcə kadr dəyişikliyi deyil. Direktorların ərizəsinin alınması və bəzilərinin “yerdəyişmə” adı ilə başqa vəzifəyə keçirilməsi, əslində, eyni kartların sadəcə qarışdırılması təsirini bağışlayır. Əgər bir şəxs illərlə rəhbərlik etdiyi müəssisədə korrupsiya şəbəkəsinin bir parçası olubsa, onu başqa bir tibb ocağına rəhbər qoymaq nə dərəcədə məntiqlidir? Bu, “islahat” yoxsa “günahların yuyulması” prosesidir? İctimaiyyət kütləvi istefaları yox, kütləvi hesabatlılığı gözləyir. İllərdir dövlətin tibbə ayırdığı milyardların hara getdiyinin, niyə icbari tibbi sığortanın hələ də vətəndaşın dərdinə tam dərman ola bilmədiyinin hesabı sorulmalıdır. Keçmiş səlahiyyətlilər, o “toxunulmaz” direktorlar indi rahatca evlərinə gedib, topladıqları “sərvətlə” istirahətmi edəcəklər? Bu sualın cavabı hələ də yoxdur.
TƏBİB-dəki mövcud mətbuat xidməti siyasəti isə ümumiyyətlə ayrı bir faciədir. Media ilə dialoq qurmaq əvəzinə, suallardan qaçan, real problemləri ört-basdır edən bir struktur hələ də öz işindədirsə, hansı şəffaflıqdan danışmaq olar? Anar Bayramovun gəlişindən sonra mətbuata münasibət dəyişməyibsə, deməli, sistemin özəyi hələ də köhnə təfəkkürlə idarə olunur. Jurnalist sorğusuna cavab verməmək, əslində, xalqa cavab verməməkdir. Əgər rəhbərlik dəyişirsə, lakin yanaşma dəyişmirsə, bu, sadəcə vizual bir dekorasiyadan başqa bir şey deyil.
Bizə deyirlər ki, icbari tibbi sığorta vəsaitlərini “udmuş” şəbəkə dağıdılır. Maraqlıdır, bu şəbəkəni kimlər qidalandırırdı? O “udulan” pullar geri qaytarılacaqmı? Yoxsa sadəcə “yeni rəhbərin öz komandası ilə işləmək istəyi” adı altında köhnələr silinib gedəcək? Səhiyyə sistemindəki “analiz oyunları” və “aparat sövdələşmələri” o qədər dərin kök atıb ki, onları sadəcə ərizə almaqla təmizləmək mümkün deyil. Burada söhbət dövlətin və millətin sağlamlığından gedir. İnsanlar xəstəxanalara şəfa tapmağa yox, “soyulmağa” getməməlidir.
Anar Bayramovun bu “sərt” addımları əgər real nəticə verməyəcəksə, xəstəxanalarda rüşvət yığımı dayanmayacaqsa, dərman təminatı düzəlməyəcəksə, bu kadr dəyişikliklərinin qiyməti sıfıra bərabərdir. Biz illərdir eyni ssenarini izləyirik: yeni rəhbər gəlir, “təmizlik” anonsu verir, bir neçə nəfər işdən çıxarılır, amma sistemin çarxları yenə də köhnə qaydada, vətəndaşın əleyhinə fırlanır. TƏBİB-in daxilindəki özbaşınalıqlar mediada yazılanlarla məhdudlaşmırdı, bu, real həyatın acı həqiqəti idi. İndi isə sanki hər şey yeni rəhbərin “kəşfi” kimi təqdim olunur. Xeyr, cənablar, bu problemləri biz illərdir deyirdik, siz isə qulağınızı tıxayıb susurdunuz.
İndi vaxtıdır ki, o susqunluğun hesabı sorulsun. Ərizəsi alınan direktorların hər birinin fəaliyyəti ciddi şəkildə təftiş edilməlidir. Kimin neçə villası, neçə obyekti, harada nələri var – bunlar araşdırılmalıdır. Əks halda, bu “islahat” sadəcə növbəti bir şoudan başqa bir şey olmayacaq. Vətəndaş artıq boş vədlərə, şablon çıxışlara yox, xəstəxanaya daxil olanda hiss edəcəyi real qayğıya inanmaq istəyir. Əgər TƏBİB yenə də qapalı bir qutu kimi qalacaqsa, rəsmi sorğular cavabsız qalacaqsa, deməli, dəyişən heç nə yoxdur – sadəcə rəhbərin soyadı və masadakı imzası dəyişib. Səhiyyə sistemini bu bataqlıqdan çıxarmaq üçün təkcə kadrları yox, həm də o kadrları bu hala gətirən mühiti dəyişmək lazımdır. Yoxsa “kütləvi qırğın” dediyiniz bu proses, sadəcə sistemin özünü qorumaq üçün etdiyi bir manevr kimi tarixdə qalacaq.
Əli Səfərli,
NOCOMMENT.az









