Çin hərbi sənayesi müharibənin gedişatını kökündən dəyişdirəcək yeni və qorxunc bir layihəyə imza atıb. Son sınaqlarda xüsusi səs silahları ilə təchiz edilmiş robot-itlərin döyüş qabiliyyəti yoxlanılır. Bu robotlar sadəcə kəşfiyyat aparmır, həm də birbaşa düşmənin psixologiyasına və fiziki durumuna təsir edən akustik hücumlar reallaşdırır. Cihazın üzərinə quraşdırılmış yüksək tezlikli dalğa generatoru insanda dözülməz ağrı, ürəkbulanma və yönünü itirmə (dezoorientasiya) kimi hallara səbəb olur.
NOCOMMENT.az xəbər verir ki, bu strateji texnologiyanın tətbiqi rəqib əsgərləri çıxılmaz vəziyyətə salmaq üçün nəzərdə tutulub. Sistemin əsas iş prinsipi ondan ibarətdir ki, gizlənmiş rəqib dözülməz və psixikanı sarsıdan səsdən qurtulmaq üçün sığınacağını tərk etməyə məcbur olur. Beləliklə, yerini ifşa edən düşmən asan hədəfə çevrilir. Ekspertlərin fikrincə, bu “mexaniki qatillər” şəhər döyüşlərində və qapalı məkanların təmizlənməsində insan itkisini minimuma endirərək, qarşı tərəfi bir növ “səs dalğaları ilə təslim olmağa” vadar edəcək.
Sara,
NOCOMMENT.az










