İranda nə baş verir? – SEPAH və BƏSİC qüvvələri HƏRƏKƏTƏ KEÇDİbackend

İranda nə baş verir? – SEPAH və BƏSİC qüvvələri HƏRƏKƏTƏ KEÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda hər addımbaşı SEPAH və “Bəsic” üzvlərinə rast gəlmək mümkündür, lakin insanların yaşayış üçün pulu yoxdur. ABŞ Prezidenti Donald Trampın atəşkəsi bir neçə gün uzatmasından sonra dünya ictimaiyyətinin diqqəti Tehran və Vaşinqtonun yenidən danışıqlar masasına oturub-oturmayacağına yönəlib.

NOCOMMENT.az xəbər verir ki, bu günlərdə iranlılar müharibənin yenidən başlanması qorxusu ilə yaşasalar da, bəziləri mövcud rejimin dəyişməyəcəyi təqdirdə münaqişənin sona çatmasından məyus olduqlarını gizlətmirlər. Sıravi vətəndaşların bu cür əhval-ruhiyyəsi “BBC World”un beynəlxalq müxbiri Liz Düsetin Tehranın mərkəzindən hazırladığı reportajda öz əksini tapıb. Tehrandakı Sanai Qəznəvi küçəsi ölkədəki mövcud vəziyyətin kiçik bir mənzərəsini yaradır: burada sürətli qida obyektləri və gül dükanları ərzaq mağazaları ilə yanaşı fəaliyyət göstərir.

Gələcəkləri özlərindən asılı olmayan xarici qüvvələrin əlində olan insanlar sadəcə sağ qalmaq üçün mübarizə aparırlar. 40 ildir ayaqqabı ticarəti ilə məşğul olan Mustafa və oğlu Məhəmməd müştəri qıtlığından şikayətlənirlər. Ölkədə müharibə və internetin kəsilməsi nəticəsində dörd milyona yaxın iş yerinin itirildiyi ehtimal edilir. Maraqlıdır ki, gənc Məhəmməd atasından fərqli olaraq, rejimin köklü şəkildə dəyişməsi üçün müharibənin davam etməsini arzulayır. Mustafanın sözlərinə görə, insanlar iqtisadi tənəzzüldən o qədər yorulublar ki, bəziləri vəziyyətin kəskin dəyişməsi üçün müharibəni yeganə çıxış yolu kimi görürlər.

Şəhərin küçələrində inflyasiyanın acı nəticələri hər addımda hiss olunur. Ahıl bir qadın çörəyin qiymətinin üç dəfə artmasından, sadə işçilərin “cəhənnəm əzabı” çəkməsindən gileylənir. Tehranda təhlükəsizlik tədbirləri görünməmiş dərəcədə gücləndirilib; “Bəsic” və SEPAH əməkdaşları mülki geyimdə hər yerdədir, meydanlarda isə zirehli maşınlar və silahlı hərbçilər dayanıb. Buna baxmayaraq, Tehranın kafe mədəniyyəti hələ də yaşayır. Qadınların bir çoxu, xüsusən də gənclər, illər öncə baş verən etirazların mirası olaraq məcburi hicab qaydalarına nümayişkaranə şəkildə məhəl qoymurlar. Şəhərin mərkəzi meydanlarında isə mənzərə tam fərqlidir. Vəli-əsr meydanında 28 fevralda İsrailin hava zərbələri nəticəsində həlak olan keçmiş ali lider Əli Xameneyinin nəhəng freskası ucalır.

Burada toplaşan tərəfdarlar keçmiş liderin ABŞ ilə danışıqlara münasibətini müzakirə edir, gənc tələbələr isə hazırda ağır yaralı olduğu üçün ictimaiyyətə görünməyən yeni lider Müctəba Xameneyinin portretlərini daşıyaraq ona sadiqliklərini nümayiş etdirirlər. Gecənin qaranlığında hərbi kamuflyaj geyinmiş və çiyinlərində tüfəng daşıyan mollaların motosikletlərlə keçidi şəhərdəki sürreal ab-havanı tamamlayır. Tehranda həyat qorxu, ümid və iqtisadi çətinliklərin kəsişməsində davam edir.

Sara,
NOCOMMENT.az