Valyuta məzənnəsinin sabit qalacağı ilə bağlı rəsmi açıqlamalar iqtisadi mühitdə hər zaman mühüm siqnal kimi qəbul olunur. Çünki məzənnə bir ölkədə qiymətlərin formalaşmasında, xüsusilə idxaldan asılı məhsullarda əsas rol oynayan faktorlardan biridir. Sabit məzənnə ümumilikdə proqnozlaşdırıla bilən iqtisadi mühit yaratsa da, bu, bütün qiymətlərin sabit qalacağı demək deyil. Əksinə, digər iqtisadi amillər qiymətlərin dəyişməsinə təsir etməyə davam edir.
NOCOMMENT.az xəbər verir ki, iqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında bildirib ki, məzənnənin uzunmüddətli şəkildə sabit qalacağı haqqında fikir söyləmək Azərbaycan kimi ölkələr üçün o qədər də məqbul deyil:
“Ona görə ki, bizim kimi ölkələr, idxaldan asılıdır. Yəni valyuta gəlirlərimizin əsas hissəsini, demək olar ki, elə hamısını ölkədən kənara satılan enerji xammalı neft məhsulları təşkil edir. Əgər bir ölkə ki, bu və ya digər məhsulun idxal-ixracından, xarici satışından asılı vəziyyətdədirsə və həmin məhsulun da dünya bazar qiymətləri hər an dəyişə bilirsə, belə bir şəraitdə məzənnə haqqında birdən-birə üç-dörd il bundan sonrakı dövr üçün proqnoz vermək mümkün deyil. Əlbəttə ki, bu nisbi xarakter daşıyır və adi cari il üçün belə müəyyən qədər birmənalı proqnoz söyləmək mümkün olsa da, növbəti il barədə belə bu haqda dəqiq fikir söyləmək mümkün deyil. Bu il üçün də məzənnə dəyişikliyinin olmayacağı haqqında fikir söyləmək mümkündür. O səbəbdən ki, büdcə proqnozlaşdırılması göstəriciləri qabaqcadan müəyyən edilib, bir sıra göstəricilər əvvəlcədən hesablanaraq nəzərdə tutulub və həm də dünya bazarlarında neftin qiymətinin oynaması birbaşa dövlət büdcəsinə təsir etmir. Neft fonduna, onun gəlirlərinə təsir edir. Yəni bu baxımdan cari il üçün məzənnə ilə bağlı proqnoz vermək mümkündür”.
O qeyd edib ki, yenə də istehlak qiymətlərinin indeksi məhsul və xidmətlərin qiymətləri məsələsi ayrıca olaraq formalaşır:
“Düzdür, məzənnə sabitliyinin inflyasiyanı, istehlak qiymətləri indeksini çəkindirici, müəyyən çərçivədə saxlamaq imkanı var. Amma bütövlükdə daxildə istehlak qiymətləri, inflyasiya birbaşa xarici faktorlardan asılıdır. Bu da ondan irəli gəlir ki, istehlak bazarımız xaricdən, xarici istehsaldan asılı vəziyyətdədir. Ona görə də 2030-cu ilə qədər büdcə haqqında, eləcə də məzənnə haqqında hər hansı konkret proqnoz irəli sürülməsi ümumiyyətlə qiymətlərin, istehlak qiymətlərinin də sabit qalacağı anlamına gəlmir. Ona görə də bu cür proqnozları nisbi əhəmiyyətli, nisbi xarakter daşıyan proqnozlar hesab edirəm. Və sonda adi bir faktı nəzərə çatdırmaq istəyirəm ki, misal üçün il başlayanda biz neftin dünya bazar qiymətlərinin 100 dolları keçəcəyini istisna etmirdik. Fevralın 28-də ABŞ-İsrail cütlüyünün İrana qarşı hərbi əməliyyatlara başlaması neftin qiymətini 100-dən yuxarı qaldırdı. Amma bu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulanda şəxsən mən özüm yazmışdım ki, bu, çox riskli rəqəmdir. Bu il üçün neftin qiymətinin orta hesabla bundan aşağı olacağı gözlənilir. Gözlənilməz bir şəraitdə bu ABŞ-İsrail cütlüyünün İrana qarşı başladığı müharibə, Yaxın Şərqdəki vəziyyət hər şeyi dəyişdi”.









