Bu ölkələrin sərhədində gərginlik: Minlərlə insan didərgin düşdübackend

Bu ölkələrin sərhədində gərginlik: Minlərlə insan didərgin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə gərginliyin artdığı və İran ətrafında qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdə, Pakistan və Əfqanıstan arasında yaranan hərbi qarşıdurma regional təhlükəsizlik sistemindəki çatları yenidən üzə çıxarıb. Pakistan hərbi qüvvələrinin Əfqanıstanın Kunar bölgəsini raket atəşinə tutması nəticəsində mülki infrastrukturun dağılması, ölən və yaralananların olması vəziyyəti daha da dramatikləşdirib. Fevral ayının sonundan etibarən davam edən bu toqquşmalar səbəbindən 100 mindən çox insanın öz yurdundan didərgin düşməsi humanitar fəlakətin miqyasını göstərir. İslamabad administrasiyası bu hərbi əməliyyatları Təhriki-Taliban Pakistan (TTP) yaraqlılarının Əfqanıstan ərazisindəki düşərgələrini məhv etmək zərurəti ilə əsaslandırsa da, Kabil tərəfi bu iddiaları rədd edərək baş verənləri suveren hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirir.

Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, iki ölkə arasında münasibətləri gərginləşdirən digər iki fundamental mövzu da var: “Birincisi, bu, Əfqanıstanın rəsmi olaraq heç vaxt tanımadığı Durand sərhəd xəttidir ki, bu da onilliklərdir davam edən ərazi mübahisəsinin əsasını təşkil edir. İkincisi isə illər öncə Pakistanda məskunlaşan milyonlarla əfqan qaçqının kütləvi şəkildə geri qaytarılması prosesidir. Hazırkı reallıqda Taliban rejimi geri qayıdan bu böyük insan kütləsini yerləşdirməkdə, onları qida və tibbi yardımla təmin etməkdə tamamilə acizdir. Beynəlxalq təşkilatların, xüsusən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatları vəziyyətin kritik həddə olduğunu təsdiqləyir”.

todaypress.tv | Elxan Şahinoğlu: "Həm Ankara, həm də Bakı Paşinyanın qələbəsini istəyir"

Politoloq qeyd edib ki, regional qarışıqlıqlar Əfqanıstana qayıdan məcburi köçkünlər üzərindəki təzyiqi daha da artırıb: “Qısa müddət ərzində həm İran, həm də Pakistandan beş milyondan çox əfqanın vətənə dönməsi humanitar infrastrukturu çökdürüb. İranı tərk edən əfqanlar öz ölkələrində daha bir silahlı münaqişə ilə üz-üzə qalıblar. Ümumdünya Ərzaq Proqramının məlumatları göstərir ki, sərhədlərin bağlanması humanitar təşkilatların əsas təchizat yollarını kəsib. Bunun üzərinə Talibanın qadınlara tətbiq etdiyi təhsil və iş məhdudiyyətlərini də əlavə etsək, ölkədə həyat şərtlərinin nə dərəcədə ağır olduğunu təsəvvür etmək çətin deyil”.

Elxan Şahinoğlunun sözlərinə görə, Əfqanıstanın çıxış yolu öz daxili resurslarını düzgün idarə etməkdən keçir: “BMT yardım etmək istəsə də, həm maliyyə çatışmazlığı, həm də Talibanla olan siyasi problemlər yardımların çatdırılmasını çətinləşdirir. Sərhəd toqquşmaları isə şərq bölgələrində vəziyyəti dözülməz həddə çatdırıb. Halbuki, Əfqanıstan dünyada ən zəngin mineral ehtiyatlara malik ölkələrdən biridir. Əgər bu zəngin yataqlar xarici investisiyalar vasitəsilə istismar edilərsə, ölkə milyardlarla dollar qazanc əldə edərək humanitar asılılıqdan xilas ola bilər. Lakin hazırkı siyasi təcrid və Pakistanla davam edən hərbi gərginlik bu perspektivləri sual altına qoyur”.

Tunar,
NOCOMMENT.az