Paşinyan da Zəngəzur dəhlizinə böyük önəm verirbackend

Paşinyan da Zəngəzur dəhlizinə böyük önəm verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Arazdəyən-Horadiz dəmiryolu xəttinin Mehridən keçən hissəsinin bərpası üçün işçi qrup yaradılıb.

İşçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpası üzərində işləyəcək və qrupun rəhbəri 3 ayda bir dəfə görülən işlər barədə Paşinyana məlumat verəcək. 10 nəfərdən ibarət işçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Ermənistan KİV-i Paşinyanın dünənki qərarına da birmənalı yanaşmayıb. Müxalifət isə onu Azərbaycanın “Zəngəzur dəhlizi” ilə bağlı tələbinə əməl etməkdə suçlayıb.

Xatırladaq ki, Paşinyan dekabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Ermənistanın Zəngəzur bölgəsindən keçməklə Azərbaycandan Naxçıvana dəmiryolunun çəkilməsinə dair razılaşmanın təsdiqləndiyini bildirib.

“Brüsseldə keçirilən görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik. Bu razılıq Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi komissiyası çərçivəsində əldə olunub. Bu razılaşma Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə keçirilən görüşdə müəyyən edilib və Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə təsdiqlənib”, – deyə Paşinyan hökumətin iclasında söyləyib.

O qeyd edib ki, dəmiryolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək, Ermənistan bu dəmiryolu vasitəsilə İran və Rusiyaya, Azərbaycandan isə Naxçıvana çıxış əldə edəcək.

“Türkiyə ilə effektiv dialoq qura bilsək, sərhəd və kommunikasiyaların açılmasına nail olsaq, bu layihə böyük əhəmiyyət kəsb edə bilər”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək.