“Abzas Media” rəhbərlərinin ailə üzvlərinin bank hesablarına blok qoyuldu?backend

“Abzas Media” rəhbərlərinin ailə üzvlərinin bank hesablarına blok qoyuldu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abzas Media” işi üzrə həbs edilən Ülvi Həsənlinin və Sevinc Vaqifqızının ailə üzvlərinin bank hesablarına blok qoyulduğu deyilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Abzas Media” məlumat yayıb.

Bildirilir ki, saytın baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Abbasova deyir ki, o, pensiya kartı bloklandığına görə, ikinci qrup əlil kimi təyin olunan pensiyasını daha ala bilmir:

“İkinci qrup əlil kimi 326 manat pensiya alırdım. Hər ay dekabrın 15-də götürürdüm pulu. Ancaq bu dəfə pensiya kartımdan pulu çıxara bilmədim. Dərmanlarım 500 manat pul tutur. Pensiya nəinki dolanışığıma, heç dərmanımın puluna yetmirdi. Ayrı heç yerdən gəlirim yoxdur, olanım o idi. Bəzi dərmanlarımı aptekdən nisyə almışam. Dedim pensiyanı alanda verəcəm pulunuzu, pensiyanı da çıxara bilmədim. Belə çox çətindir”.

Həmçinin nəşr bildirir ki, “Abzas Media”nın direktoru Ülvi Həsənlinin bacısı Nərmin Həsənova Ülvi Həsənlinin ailə üzvlərinin hesablarının bloklanması barədə məlumat verib:

“Anam Esvira Musayevanın pensiya, bacım Sədaqət Həsənovanın maaş kartına blok qoyulub. Evin yeganə gəlir gətirəni onlar idi. Anamın öz ehtiyacları var, neçə gündür narahatdır ki, necə edəcəm?”.

Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb.

Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.

Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.

Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.