Ermənistanla bağlı SENSASİON plan  - Bu halda ölkə çevriliş olacaq

Ermənistanla bağlı SENSASİON plan - Bu halda ölkə çevriliş olacaq

Ermənistanda iyunun 7-də keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri bölgədə sülh prosesinin hüquqi müstəvisinə dair yeni və fundamental suallar doğurub. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası seçkilərdə mütləq səs çoxluğu qazanaraq təkbaşına hökumət qurmaq hüququnu qorusa da, parlamentdə təkbaşına konstitusiya çoxluğuna nail ola bilməyib. Hakim partiya yeni qanunverici orqanda 65 deputat yeri ilə təmsil olunacaq ki, bu da yeni ana qanunun qəbulu və ya referendum qərarının birbaşa parlamentdən keçirilməsi üçün ciddi hüquqi əngəl yaradır. Belə ki, Ermənistan qanunvericiliyinə əsasən, referendumun birbaşa parlament qərarı ilə qəbulu üçün ən azı 71 deputatın lehinə səsi tələb olunur. Bu mandat kəsiri Ermənistanın daxilindəki revanşist qüvvələrin və birbaşa rəsmi Moskvanın sülh müqaviləsini bloklamaq cəhdlərini aktivləşdirməsinə zəmin hazırlayıb. Rusiya və müxalifət cinahı Bakı ilə İrəvan arasında imzalanacaq yekun sazişə maneə yaratmaq üçün mövcud parlament balansından rıçaq kimi istifadə etməyə çalışırlar. Halbuki, Nikol Paşinyan ölkənin geosiyasi kursunu tamamilə dəyişəcək yeni konstitusiya layihəsini artıq tam hazır vəziyyətə gətirib. Bu yeni ana qanunun ən əsas strateji özəlliyi ondan ibarətdir ki, o, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən 1990-cı il "Müstəqillik Bəyannaməsi"nə heç bir formada istinad etməyəcək.

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Baş nazir Nikol Paşinyan uzun müddətdir qüvvədə olan mövcud konstitusiyanı Ermənistan dövlətinin suverenliyi və inkişafı qarşısında ən böyük əngəl kimi xarakterizə edir:



"Paşinyan hətta 'Müstəqillik Bəyannaməsi'ni Ermənistanın müasir tarixi və dövlətçiliyi üçün faciəvi, təhlükəli bir sənəd kimi qiymətləndirib. Baş nazir Ermənistanın yeni geosiyasi mərhələdə inkişaf etməsi, Qərblə inteqrasiyanı tamamlaması üçün yeni ana qanunun qəbulunun qaçılmaz olduğunu qətiyyətlə vurğulayır. Çünki hazırkı Ermənistan konstitusiyası keçmiş Qarabağ münaqişəsinin absurd tezisləri və fonunda yazılıb. Bu sənəd həm revanşist klanların daimi təxribat istəklərini qoruyub saxlayır, həm də Ermənistanı onilliklər boyu başqa bir ölkədən, yəni Rusiyadan birbaşa asılı vəziyyətə salıb".

Politoloqun qənaətinə görə, Ermənistan iqtidarı parlamentdəki mandat çatışmazlığına rəğmən, bütün inzibati və hüquqi resurslarını səfərbər edərək yeni ana qanunun qəbuluna çalışacaq:

"Burada diqqət yetirilməli ən mühüm məqam odur ki, hazırkı Ermənistan konstitusiyasının mətnində hər hansı kosmetik dəyişikliklərin edilməsi nəzərdə tutulmur. Hökumət tərəfindən tamamilə sıfırdan, yeni redaksiyada konstitusiya yazılıb və onun bütöv bir sənəd kimi qəbulu planlaşdırılır. Təbii ki, bu hüquqi islahat təkcə Azərbaycanla bağlı məsələləri əhatə etmir, bütövlükdə Ermənistanın dövlət strukturunun modernləşdirilməsini ehtiva edir. Azərbaycanla yekun sülh müqaviləsinə gəldikdə isə, mən hesab edirəm ki, daxili çətinliklərə baxmayaraq, bu tarixi müqavilə mütləq bağlanacaq. Hətta yekun sülh müqaviləsi tam imzalanmasa belə, müəyyən şərtlər daxilində Ermənistanla birbaşa diplomatik və siyasi əlaqələrin qurulması mümkün ola bilər. Lakin bunun üçün rəsmi Bakı qarşısında Nikol Paşinyan hökuməti konkret olaraq siyasi öhdəlik götürməlidir. İrəvan rəsmən zəmanət verməlidir ki, ən geci 6 aydan sonra ölkəni referenduma aparacaq və Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidə birdəfəlik ləğv edəcək. Məhz bu hüquqi təqvimin öhdəlik olaraq götürülməsi halında iki ölkə arasında sülh sazişindən öncə də siyasi təmasların rəsmiləşdirilməsi reallaşa bilər", - deyə ekspert vurğulayıb.

Tunar
NOCOMMENT.az