ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilibbackend

ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 14-də “Hökumətlər tərəfindən COVID 19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, forumun açılış sessiyasının natiqləri İSESKO-nun Baş direktoru Salim M. Al-Malik, BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne, Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş Katibi Jan Pyer Elonq Mbassi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev olublar.

Moderator isə məşhur jurnalist və futuroloq (CNN, TEDx, Forbes) Yan Xan olub.

ASAN Qlobal Veb Forumu, Ülvi Mehdiyev

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev xüsusi əhəmiyyət kəsb edən bu Forumun dünyanın müxtəlif yerlərindəki qərar qəbul edən şəxslərin təcrübələrini bölüşmələri üçün faydalı platforma olduğunu və COVID-19-la mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. Natiq diqqətə çatdırıb ki, pandemiya ilə mübarizə çərçivəsində ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Hökuməti bütün zəruri, təcili tədbirləri həyata keçirib və nəticədə Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Həmçinin pandemiya dövründə dövlət və özəl xidmətlərin vahid məkandan göstərilməsi üzrə Azərbaycan brendi olan “ASAN xidmət” vasitəsi ilə texnoloji və innovativ həllərlə rahat, çevik və fasiləsiz çıxış təmin edilib. Azərbaycan istər pandemiya ilə mübarizə, istərsə də dövlət xidmətlərinin çatdırılması ilə bağlı müsbət təcrübəsini paylaşmağa hazırdır.

İSESKO-nun Baş direktoru Salim M. Al-Malik COVID-19 pandemiyası ilə mübarizədə müasir informasiya texnologiyaları vasitəsi ilə əlaqələndirilmiş beynəlxalq əməkdaşlığın, mədəni dəyərlərin və təhsilin qorunmasının vacibliyini vurğulayıb. O həmçinin təşkilata üzv 54 İslam Dünyası ölkəsində təhsil, elm, mədəniyyət və sosial inkişaf istiqamətində dövlət xidmətlərinin göstərilməsi və yaxşı idarəçilik sahələrinin təkmilləşdirilməsi üzrə İSESKO-nun ASAN Mükafatının təsis edildiyini vurğulayıb.

BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner Azərbaycan hökumətinə pandemiyanın təxirəsalınmaz çətinliklərini həlli istiqamətində göstərdiyi səylərə və əhalinin həssas qrupları üçün sosial yardımları artıraraq effektiv cavab tədbirlərini həyata keçirdiyinə görə təşəkkür edib.