Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beynin səsli informasiyaları qavramaqda çətinlik çəkməsi, sensor həssaslığın həddindən artıq yüklənməsi və ünsiyyət üçün motivasiyanın olmaması səbəbindən nitq inkişafdan qala bilir. Bir çox hallarda valideynlər uşaq danışmadıqda ilkin olaraq loqopedə müraciət etsələr də, unutmaq olmaz ki, nitq prosesi adətən anlamadan aktiv istifadəyə doğru irəliləyir.
Bu fikirləri NOCOMMENT.az-a Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib. Onun sözlərinə görə, nitqin təməlində təqlid bacarığı dayanır: “Əgər sadalanan problemlərdən biri müşahidə olunarsa, nitq anlayışını və onun anlamasını inkişaf etdirmək mümkün olmur. Uşaqların səsli nitqə marağını oyatmaq və böyüklərin nitqini dinləmək bacarığını inkişaf etdirmək üçün mütləq təqlid bacarığı olmalıdır”.
Aygün Ələkbərovanın sözlərinə görə, autizm spektrində olan uşaqlar üçün nitq mürəkkəb bir alətdir: “Autizm sindromlu uşaqlarda nitq mənimsənilməsi çətin olan sosial alətə çevrilir. Ona görə də, bir çox uşaqlar qeyri-verbal ünsiyyətdən (jestlər, kartlar) istifadə etməklə istəklərini bildirirlər. Təəssüf ki, aşağı potensiallı autizm sindromlu uşaqlarda verbal ünsiyyətin inkişafı müşahidə olunmaya da bilər”.
Loqoped qeyd edib ki, düzgün müdaxilə ilə müsbət dinamika əldə etmək mümkündür: “Yüksək potensiallı autizmli uşaqlarda zamanında düzgün tibbi və psixo-pedaqoji müdaxilələr olunarsa, nitqin dinamikası müşahidə olunur. Məsələn, Asperger sindromlu uşaqlar əla mexaniki yaddaşa sahibdirlər, həvəslə, ədəbi dildə danışa bilirlər, lakin söhbəti axıcı və davamlı etdirməkdə çətinlik çəkirlər. Bu uşaqlarla peşəkar psixo-pedaqoji komanda çalışmalı, ailələri isə hər zaman sevgi və dəstəklərini əsirgəməməlidirlər”.
Tunar,
NOCOMMENT.az










