“Müayinədən sonra evə gəldim və həkimlə yenidən əlaqə saxladım ki, uşağı yenidən müayinə edək. Həkim də mənimlə çox kobud şəkildə danışaraq bildirdi ki, uşaq qüsurludur. Hər şey açıq-aydın görünür. Yenə də inana bilmədim. Səhəri günü uşağı götürüb Türkiyəyə apardım. Orada adi 4D ultrasəs müayinəsindən keçdik və məlum oldu ki, uşağın hər bir orqanı sağlam vəziyyətdədir. Bu diqanozu kim və nə üçün qoyub? Samir Məmişovun verdiyi diski də həkim orada yoxladı və bildirdi ki, bu diskdə heç bir problem yoxdur, uşağın bütün orqanları yerindədir. Yenidən Bakıya qayıtdıq və gələndən sonra həkimlə əlaqə saxladım. Bu dəfə mənə daha kobud şəkildə cavab verərək bildirdi ki, siz niyə qəbul etmirsiniz? Mən niyə sizin eşitmək istədiyiniz sözləri deməliyəm.
Bildirdim ki, sizi məhkəməyə verəcəm. O isə mənə dedi ki, gedin nə istəyirsiniz edin. Məhkəməyə də verdim, ekspertizadan da keçdik”.
Şikayətçi bildirib ki, məhkəmədə qarşı tərəfdən xərclədikləri 1888 manatı və 5 min manat təzminat tələb etsələr də, iddiaları əsassız qalıb:
“Bacım Türkiyədə yaşayır. Yenidən onlarla əlaqə saxladım. Düşündüm ki, sarsıntı keçirməyim deyə bəlkə mənə yalan danışıblar. Çünki mənim birinci övladım rəhmətə gedib. Ola bilsin ki, yenidən o şeyləri yaşamayım deyə nələrisə gizlədiblər. Həkim də bildirdi ki, hər şey yerindədir. Yenidən burada “Vita Med” klinikasında yoxlanışa getdim. Oradakı həkim də bildirdi ki, hər şey qaydasındadır. Ekspertizada da məlum oldu ki, uşağın heç bir problemi yoxdur.
Həkimin vəkili də hər dəfə məhkəmədə bildirirdi ki, Samir Məmişov iddiaları qəbul etmir. Bildirir ki, onun qoyduğu diaqnoz düzdür. Bizim həkimdə xərclədiyimiz çeklər məhkəməyə təqdim olunmuşdu. 1888 manat pul idi. Üstəgəl də 5 min manatlıq maddi mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırmışdıq. Lakin qərar çıxdı ki, 1163 manat vəsait xərclənib. Maddi mənəvi dəyərlərə zərərlə bağlı isə heç bir sübut yoxdur. Verilən qərardan narazıyam. Yenidən Apelyasiya məhkəməsinə müraciət edəcəm”.

N.Hüseynova uşaqda hər şeyin qaydasında olduğunu və adi bir soyuqlamaya görə qoyulan diaqnozlarla bağlı yenidən məhkəməyə mürciət edəcəyini deyib:
“Hətta qarşı tərəf aparatlarında problem olduğunu iddia etdi, lakin onların verdiyi diskdə də görünür ki, hər şey qaydasındadır. Diski ekspertizaya göndərdik. Proses 3 ay davam etdi və məlum oldu ki, diskdə heç bir problem yoxdur. Sonuncu məhkəmə martın 10-da oldu və bizim əlehimizə qərar çıxarıldı. Uşaqda hər şey qaydasındadır”.
Səsləndirilən iddialarla bağlı Samir Məmişov “Yeni Sabah”a bildirib ki, şikayətçi Nurlana Hüseynovanın iddialarını qəbul etmir:
“Xanımın gedib Türkiyədə etdirdiyi müayinələrin heç biri Maqnit Rezonans Tomoqrafiya (MRT), nə də Komputer Tomoqrafiya (KT) deyil. Onun etdirdikləri sadə uzi müayinələridir. Mən uzi həkimi ilə də əlaqə saxladım və bildirdim ki, sən necə MRT-də görünməyən bir şeyin var olduğunu yazmısan?.
Azərbaycanda yenidən UZİ-yə saldığı həkimlə də əlaqə saxlasanız görərsiniz ki, o, özü də bu məsələdə tərəddüdlüdür. Həmin həkim də deyir ki, ailə ona təzyiq edərək bildirib ki, uşağın bütün orqanları yerindədir. Ona görə də götürüb yazıb ki, hər şey qaydasındadır. Yəni xanım üstün müayinə üsulundan sonra gedib aşağı müayinə üsullarına müraciət edib. Bu nə qədər doğru qərardır? Uzi müayinəsi subyektiv bir şeydir. Amma MRT müayinəsi obyektiv bir şeydir”.
Həkim-radioloq qeyd edib ki, bu, həkim olaraq onların qarşılaşdığı ilk haldır:
“Mən xanıma da bildirdim ki, siz bizdə çəkilən diski istənilən radioloqa oxudun. Əgər həmin radioloq bildirsə ki, o uşağın orqanları yerindədir, gəlin mən sizdən üzr də istəyəcəm, təzminatınızı da ödəyəcəm. Xanım deyir ki, siz bunu səhv çəkmisiniz. Bu necə ola bilər? Olan və ya olmayan orqanı necə dəyişdirib çəkə bilərəm? Bu, mümkünsüz bir şeydir. Bütün iddialar da əsassız və gülüncdür. Əlində diski var, istənilən yerdə yoxlada bilər. Həmin xanıma bildirin ki, bizim çəkdiyimiz diskə başqa həkimlərin bildirdikləri rəyləri paylaşsın. Biz xaricə təhsil almışıq. O xanıma qədər xeyli iş stajımız var. Bu bizim qarşılaşdığımız birinci haldır. Həmin xanım isə faktiki sübutları qəbul etmir, etmək də istəmir”. /Yeni Sabah/












