Azərbaycan Ordusu bu hədəfləri məhv edəcək – Polkovnik açıqladıbackend

Azərbaycan Ordusu bu hədəfləri məhv edəcək – Polkovnik açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Ermənistan tərəfinin təxribatları davamlı şəkil almağa başlayıb. Azərbaycan-Ermənistan şərti sərhədində erməni tərəfinin ardıcıl təxribatları, bölmələrimizin mövqelərinə qarşı günün müxtəlif saatlarında atəş açılması tamam başqa mətləblərdən xəbər verir. Eyni zamanda rus sülhməramlılarının müvəqqəti nəzarət zonasında hələ də qalmış erməni silahlıları tərəfindən təxribatlar günbəgün artır. Separatçıların tör-töküntüləri Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə özləri üçün daimi müşahidə məntəqələri yaratmağa çalışır. Sözsüz ki, Azərbaycan Ordusu tərfindən bunların qarşısı alınır. Həmçinin qarşı tərəfin bütün hərəkətləri dəqiqliklə izlənilir, analiz edilir və adekvat tədbirlər görülür.

NOCOMMENT.az xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, 44 günlük müharibədən öncə də erməni tərəfi bu kimi təxribatlardan əl çəkmirdi:

“Görünür, növbəti dəfə daha ağır bir zərbə almaq istəyirlər. Belə olmasaydı, qalib Azərbaycan Ordusu qarşısında özlərini yenidən başqa cür aparmazdılar. II Qarabağ müharibəsindən sonra da Ordumuz onların təxribatlarına sarsıdıcı cavab verir. Sadəcə olaraq erməni tərəfi bunlardan dərs çıxarmaqda çətinlik çəkir. Bu da nəticədə onların daha böyük zərbələr almasına yol açır”.

Polkovnik hesab edir ki, Azərbaycan tərəfi Ermənistanın 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmaya riayət etməsini tələb edir:

“Sadəcə olaraq özünün işğalçı və təxribatçı mahiyyətindən xilas ola bilməyən erməni tərəfi bu məsələdə pozucu mövqedən çıxış edir. Həmçinin illərdir özləri haqqında miflər uydurmuş erməni toplumu məğlubiyyəti qəbul etmək istəmir. Revanşizm və digər meyillərə yönəlir”.

Hərbi ekspert son günlər Qarabağda olan separatçılar tərəfindən Azərbaycanın hava məkanına qarşı edilən təxribatlara da münasibət bildirib:

“Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Azərbaycanın hava məkanından istifadə edən mülki təyyarələrə qarşı radiomaneələrin tətbiqi növbəti təhlükəli təxribat cəhdidir. Sözsüz ki, bu təxribatların yeri barəsində dəqiq bilgilər var. Ona görə də, buna son qoyulmasa həmin nöqtələrin məhv edilməsi qaçılmaz olacaq. Bu tam beynəlxalq hüquqa uyğun bir addımdır. Çünki mülki təyyarələrin uçusu beynəlxalq qaydalarla təmin edilir. Ona görə də, Azərbaycanın tam haqqı çatır ki, həmin legitim hərbi hədəfləri məhv etsin”.