Azərbaycanda bir ilk: Seçkilərdən sonra onlara vəzifə verilə bilərbackend

Azərbaycanda bir ilk: Seçkilərdən sonra onlara vəzifə verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, Azərbaycanda Türkiyə və Avropada olduğu kimi müxalif namizədlərə seçkilərdən sonra vəzifə vermək ənənəsi yoxdur”. 

 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri, prezidentliyə namizəd Razi Nurullayev deyib.

Partiya sədri prezident seçkilərindən sonra ona hakimiyyət tərəfindən vəzifə verilib-verilməyəcəyi ilə bağlı olan suala cavab verib.

Xatırladaq ki, bir sıra prezident üsul idarəsi olan dövlətlərdə, adətən, qalib tərəf jest əlaməti olaraq rəqibinə vəzifə təklif edir. Son vaxtlar Azərbaycanda da bu istiqamətdə müzakirələr aparılır. Bəzi sosial şəbəkə istifadəçiləri fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra məğlub namizədlərə hakimiyyətin müxtəlif strukturlarında vəzifə veriləcəyini iddia edirlər.

R.Nurullayev diqqətə çatdırıb ki, parlament seçkilərindən sonra müxalifətə parlamentdə müəyyən vəzifələr təklif olunub və onlar komitə sədrlərinin müavinləri vəzifəsinə seçiliblər:

“Hazırda Fəzail İbrahimli vitse-spiker kimi, Fazil Mustafa isə komitə sədri kimi fəaliyyət göstərir. Artıq parlamentdə balans yaradılıb. Doğrudur, müxalifətçi olsam da, hələlik mənim heç bir vəzifə olmayıb. Ola bilsin ki, limitlər dolub, mənə çatmayıb. Sözün düzü, bunda heç gözüm də yoxdur.

Partiyalar arasında əməkdaşlıq və müəyyən təcrübələrin bölüşdürülməsi olsa, burada müxalifətin iştirakı qəbulolunandır. Lakin konkret olaraq şəxsimlə bağlı nələr olacaq, hələlik bu barədə qərar verməmişəm. Çünki seçkiyə gedirik və bu haqda düşünməyə haqqımın olduğunu hesab etmirəm. Bu gün mənim gündəmimdə bir məsələ var ki, seçkiyə qatılıb maksimum nəticə əldə edə bilmək. Vəzifə məsələlərini seçkidən sonrakı günlərdə müzakirə etmək olar”.

Prezidentliyə digər bir namizəd, politoloq Yusif Bağırzadə isə söyləyib ki, o, 30 yaşından etibarən aktiv siyasi fəaliyyətlə məşğuldur:

“1995-ci ildə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə millət vəkili seçilərək Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədr müavini olmuşam. 2000-ci ilə qədər ATƏT Parlament Assambleyasının Qara dəniz iqtisadi təşkilatının və MDB Parlament Assambleyasının üzvü olmuşam. Eyni şəkildə 2000, 2010 və 2015-ci il seçkilərində də Milli Məclisə keçirilnə seçkilərdə iştirak etmişəm. Başqa sözlə desək, bu, mənim prezident seçkilərində namizəd olaraq iştirak etdiyim ilk seçki olsa da, əslində, mən uzun illərdir ki, seçkilərdə namizəd olaraq iştirak edirəm”.

“2003-2006-cı ildə Mərkəzi Seçki Komissiyasının üzvü olaraq kifayət qədər seçki təcrübəm var. 2010-2015-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri olduğum dövrdə daha geniş auditoriyaya tanınmaq imkanım olub ki, bu da prezident seçkilərində bir namizəd olaraq mənə əlavə üstünlük verir.

Hazırda prezident seçkilərində iştirakım isə bir sıra faktorlarla bağlıdır. Ən vacib faktor 2024-cü il seçkilərinin ilk dəfə olaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirilməsi ilə bağlıdır. Yəni başqa sözlə, budəfəki seçkilər təkcə siyasi deyil, həm də tarixi bir hadisədir”.

Analitikin sözlərinə görə, ikinci faktor ən yeni tariximizin müstəsna əhəmiyyətli ictimai-siyasi hadisəsi olan bu seçkilərin daha azad, daha ədalətli və şəffaf keçiriləcəyinə olan inamla bağlıdır:

“Onu da qeyd edim ki, seçkilərdə iştirak hakimiyyət uğrunda mübarizə olmaqla yanaşı, həm də öz ideya və baxışlarını daha geniş auditoriyaya çatdırmaq imkanıdır. Mən də bu sadaladığım faktorları nəzərə alaraq seçki yarışına qoşulmaq haqqında qərar vermişəm. Seçkilərdən sonra qalib namizəd tərəfindən hər hansı bir vəzifə təklifinə gəldikdə isə bu indi müzakirə mövzusu deyil və mən seçkilərə bu məqsədlə qoşulmamışam. Dediyiniz məsələ seçki sonrası prosesdir və həmin vaxt müzakirə oluna bilər. Hələlik isə qarşıda duran ən vacib məsələ seçki yarışında layiqincə təmsil olunmaqdan ibarətdir”.