Azərbaycanın tikinti sektorunda sürətli bahalaşma: Bazarlar sıradan çıxırbackend

Azərbaycanın tikinti sektorunda sürətli bahalaşma: Bazarlar sıradan çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı yürütdüyü işğalçılıq prossesləri region ölkələri üçün bəzi iqtisadi sıxıntılar yaratmağa başlayıb.

Fevralın sonlarından indiyə qədər beynəlxalq sanksiyalar və hərbi əməliyyatlar səbəbindən hava, quru və su logistik xətlərində ciddi problemlər yaşanır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, dollarsızlaşma prossesi də idxalat və ixracata ciddi təsir etməyə başlayıb.

Eyni zamanda, Ukrayna ilə də iqtisadi əlaqələr kəsildiyindən, artıq regionda ciddi iqtisadi təsirlər başlamaqdadır. Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi ümumi ticarət portfelimizdə o qədər böyük həcm təşkil etməsə də, bütün hallarda 15 faizlik həcm heç də kiçik deyil. Bu günlərdə Azərbaycanda ən çox müzakirə edilən məsələ də məhz budur. Ortada olan suallar ondan ibarətdir ki, Rusiya ilə ticarət əlaqələri kəsiləcəyi təqdirdə hansı mənfi təsirlər, hansı sahədə özünü daha ağır göstərəcək?

Azərbaycanın Rusiyadan idxalatının 1/3 (üçdə bir) hissəsini ərzaq, 2/3 (üçdə iki) hissəsini isə sənaye və qeyri-ərzaq məhsulları təşkil edir. Bu da o deməkdir ki, 4 milyard dollara yaxın ticarət dövriyyəsində 1.5 milyarda yaxın ərzaq, 2.5 milyarda yaxın isə tikinti materialları, qeyri-ərzaq məhsulları əsas yer tutur.

İndi hər kəsi düşündürən suallar arasında ən çox ortada olanı ondan ibarətdir ki, Azərbaycanda tikinti materialları bahalaşacaqmı? Müharibə bu şəkildə davam edəcəyi təqdirdə, ölkəmizin tikinti sektorunda hansı dəyişikliklər baş verə bilər?

İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan işğaldan azad edilən ərazilərdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirir. Bu bərpa işləri üçün də daha çox idxal edilən tikinti materiallarına ehtiyac var. 2022-ci ilin dövlət büdcəsindən işğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi üçün 2 milyard manat vəsait ayrılıb. Tikinti sektorunda, xüsusilə də idxal edilən tikinti materalları bazarında yarana biləcək qıtlıq və bahalaşma prossesləri ləngidə bilər.

Bahalaşma və qıtlıq eyni zamanda Azərbaycanda daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Bazarda bahalaşma və durğunluq prossesi başlaya bilər.

“Hürriyyət”ə danışan tikinti sektorundakı iş adamlarından biri deyir ki, Rusiyadan gələn malların qiymətində bahalaşma mütləq baş verəcək.

İş adamı bildirir ki, Rusiya ilə yaranmış logistik problemlər bazarda qıtlığın yaranmasına səbəb olub. Buna görə də Türkiyədən gələn tikinti materallarının da qiymətində 20 faizə qədər bahalaşma baş verib. Bundan başqa, həmsöhbətimiz qeyd edir ki, 2022-ci ilin yanvar ayının birindən etibarən Rusiya hökuməti qərar qəbul edib ki, xammal olaraq məhsulların ölkədən çıxarılması qadağan edilsin. Faktiki olaraq xammal kimi bazardan çıxarılan məhsullara qadağa qoyulması Azərbaycanın yerli tikinti məhsulları istehsalçılarının da vəziyyətini pisləşdirib. Ölkə daxilində xammal idxal edən yerli sahibkarlar 3 aydır ki, fəaliyyətsiz duruma düşüblər. Alternativ bazarlar isə demək olar ki, əlverişli deyil. Kanada, Türkiyə, İran kimi bazarlarla ya logistik problemlər var, ya da daşınma xərcləri çox bahadır.

Rusiyadan idxal ediləm metal məhsullarının, xüsusilə aliminum və dəmirin qiymətində də ciddi bahalaşma müşahidə olunmaqdadır.

Bazarda hazırda dəmirin qiyməti hər tona görə 40 manata qədər bahalaşıb. Məlumatlara görə, artım demək olar ki, qiymət artımı hər gün baş verir. Münaqişə davam edəcəyi və Rusiyaya qarşı sanksiyaların davamlı olacağı təqdirdə bahalaşma bir az da yüksələcək. Hazırda dəmir bazarında nazik profillərin 1 ton üzrə qiyməti 1600 manatdır. Qalın profillərin qiyməti isə 1500 manata satılır. Sex istehsalı olan armaturların qiyməti 940 manat + ƏDV (18 %), zavod malının isə 1 500 manat + ƏDV-dir.

Rusiyadan tikinti malları idxal edən sahibkarlar cari ilin mart ayına qədər sifarişlərini ABŞ dollar ilə həyata keçirib. Lakin sanksiyalar səbəbindən dedollarizasiya prossesi başladığından sifarişlər rus rblu ilə aparılır. Lakin Azərbaycanda olan iş adamları banklardakı rubl hesabları ilə nə qədər ticarət edə biləcəklərini bilmirlər. Yəni rublla hesabşalamlara qoyulacaq qadağa da gözləniləndir.

Bununla da alternativ bazarlar axtarmaq lazım gəlir ki, burada ilk ağıla gələn Türkiyədir. Lakin Türkiyənin tikinti malları bazarında da son günlər sürətli bahalaşma prossesi müşahidə olunmaqdadır. Metal istehsalçıları bildirir ki, Rusiyadan idxal edilən istehsal üçün qatqıların qiyməti 30 faizə qədər bahalaşıb. Bu da alternativ bazar olaraq Türkiyənin də əlverişli olmadığını deməyə əsas verir.

İndi bəzi ekspertlər iddia edirlər ki, Rusiya ilə ticarət münasibətlərində durğunluq bazara ciddi təsir etməyəcək. Lakin Azərbaycan Dövlət Gömrük Komitəsinin cari ilin yanvar ayı üzrə açıqladığı xarici ticarətin statistikasına əsasən, Ukrayna və Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biri kimi ticarət dövriyyəsində müvafiq olaraq 3 və 4-cü yerləri tutur. Yəni ilk beşlikdə olan böyük bazarlardan 2-si sıradan çıxıb, digər birində – Türkiyənin özündə də bahalaşma başlayıb. Çin isə idxalatda məəhdudiyyətlər tətbiq etməyə başlayıb. Məsələn, bəzi informasiyalara əsasən, Çin bu ilin fevral ayının 1-dən etibarən konteyner logistikası üzrə yükdaşımalarda qiymətlərin 50 faiz artırılmasına qərar verib. Bu da Azərbaycanın sənaye idxalçıları üçün çətin durumun yaranmasına səbəb olub.

İndi isə digər bir rəsmi statitikaya diqqət edək: Rusiya ağac materiallarının ən böyük alıcısı Çin, ondan sonra Özbəkistan, üçüncü isə Azərbaycandır.

Çin Rusiyadan ixrac olunan ağac materiallarının 50 %-ni, Özbəkistan və Azərbaycan isə hərəsi 9 %-ni alır. Bu isə çox böyük bir faizdir.

İndi bazaar iştirakçıları hesab edir ki, hazırda rublun dəyərdən düşməsi də idxal olunan tikinti materiallarının qiymətinə təsir edə biləcək əsas amillərdəndir. Amma hazırda Rusiyaya tətbiq edilmiş sanksiyaların sözügedən ölkənin ixrac əməliyyatlarına da təsir edə biləcəyini göz önünə alsaq, o zaman ucuzlaşmanın yox, əksinə bahalaşmanın qaçılmaz olacağını deyə bilərik. Belə ki, Rusiya strateji əhəmiyyətli məhsulların ixracına limit və ya qadağa tətbiq edə, bu da istehsalın azalmasına və ya dayandırılmasına səbəb ola bilər. Digər tərəfdən, bu ölkəyə müxtəlif istiqamətlərdə tətbiq edilən qadağalar idxalı da çətinləşdirə bilər.

Araşdrımalar zamanı məlum olur ki, logistika üzrə ekspertlər sanksiyalar səbəbindən alternativ bazar kimi Ukraynanı göstərə bilərdilər. Lakin faktiki vəziyyətdə yalnız Rusiyanın Ukraynadan çıxması və Kiyevin toparlanması uzun zaman çəkəcək. Bütün bunlarla yanaşı, sonuncu alternativ bazar kimi Qazaxıstan bazarı çıxış edə bilər. Lakin Qazaxıstanla quru yolları ilə daşınma əlverişli deyil. Ümid yalnız Bakı Beynəlxalq Limanında sürətli islahatlara başlayaraq, daşınma və xidmət prossedurlarını yenilməyə qalır. Bunun üçün elektronlaşdırma, limanla yükdaşımaların həcmini artırmaq lazım gələcək. İndilikdə isə bu o qədər də real görünmür.

Bütün bunlara əsan deyə bilərik ki, Azərbaycanın tikinti bazarında və daşınmaz əmlak bazarında yaxın aylarda bir bahalaşma və durğunluğun baş verəcəyi qaçılmaz görünür. Və bazarda aqressivlik, xaosun ilikin əlamətləri görünməkdədir.

“Hürriyyət” qəzeti