Azərbaycanla Ermənistan hansı məsələdə razılaşıb? – Mühüm açıqlamabackend

Azərbaycanla Ermənistan hansı məsələdə razılaşıb? – Mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ararat Mirzoyanın Azərbaycanla mövqelərimiz üst-üstə düşür fikirlərindən sonra Baş nazir Nikol Paşinyanın da buna bənzər açıqlaması olub və orada kommunikasiyaların açılması mövzusuna da toxunulub. Bu baxımdan, istisna etmirəm ki, bu məsələdə hansısa irəliləyişə nail olmaq mümkün olsun”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Eks-nazir Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın məlum bəyənatının pərdərarxası motivlərini şərh edib.

T.Zülfüqarovun fikrincə, burada ikinci problem hər şeydən əvvəl ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması məsələsidir:

“Bu məsələdə Ermənistan yavaş-yavaş həqiqətə yaxınlaşır ki, Qarabağ Azərbaycan ərazisidir və onun bölgədə bu və ya digər şəkildə tələblər qoyması qəbuledilməzdir. Lakin inanmıram ki, bu məsələ tam şəkildə öz həllini tapsın. Amma danışıqlarda irəliləyiş ola bilər. Biz real məlumatları biləndən sonra görəcəyik ki, ehtimallar özünü doğruldur, ya yox”.

Siyasi analitik onu da əlavə edib ki, əslinə qalsa, Laçın-Xankəndi yolunda olan nəzarət indiki mərhələdə sadəcə ictimaidir:

“Amma bu, bir növ onlar üçün psixoloji dərs oldu. Bundan əlavə, Azərbaycanın addımbaaddım öz suveren hüquqlarını bərpa edəcəyinə şübhəm yoxdur. Suveren hüquqlar isə bundan ibarətdir ki, sərhəd qayda-qanunları icra olunmalıdır. Eləcə də Qarabağda yaşayan ermənilər Ermənistanın bir parçası deyil. Bu, həm də psixoloji baxımdan onlara yaxşı bir dərs oldu. Çünki 30 ilin ərzində öyrənmişdilər ki, guya, Qarabağ Ermənistanın bir parçası idi. Həm orada yaşayan ermənilər, həm də Ermənistan erməniləri bunu belə qəbul edirdilər”.

Onun sözlərinə görə, indi isə bu müddət ərzində son reallıqlar onlara çatıb:

“Bəli, müqavimət göstərdilər, yaxud beynəlxalq imkanlardan istifadə edib diqqəti bu mövzuya yönəltdilər. Amma gördülər ki, Azərbaycan bu mövqedən çəkilməyəcək. Belə olan halda da artıq anladılar ki, buna öyrənməli və prosesləri qəbul etməlidirlər. Ona görə də əminəm ki, baş verən proseslərin nəticəsində tam şəkildə sərhəd qanunlarına uyğun olaraq, Laçın rayonunun girişində sərhəd-keçid məntəqəsi işini başlayacaq”.