“Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tibb müəssisəsində yanğın-siqnalizasiya sistemlərinə texniki servis xidmətinin göstərilməsi, təmir işlərinin aparılması və zəruri ehtiyat hissələrinin satın alınması məqsədilə keçirdiyi tenderə yekun vurub.
NOCOMMENT.az xəbər verir ki, aatınalma müsabiqəsinin nəticəsi olaraq xəstəxana “CONFİREX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayacaq.
Tərəflər arasında imzalanacaq müqavilənin ümumi dəyəri 9.828,22 AZN təşkil edir. Qeyd edək ki, sözügedən işlər üzrə satınalmanın ehtimal olunan qiyməti ilkin olaraq 20.808,12 AZN məbləğində müəyyən edilmişdi. Razılaşma çərçivəsində müəssisənin yanğın təhlükəsizliyi infrastrukturunun saz vəziyyətdə saxlanılması və texniki nasazlıqların aradan qaldırılması təmin olunacaq.
Qeyd edək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının hazırkı direktoru Səkinə Sadıxovadır.
Yerli mediada yayılan məlumatlara əsasən xatırladaq ki, Səkinə Sadıxovanın Sumqayıt Tibb Mərkəzinə rəhbərlik etdiyi dövrdə külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı ittihamı ilə barəsində cinayət işi açıldığı iddia olunur. Mətbuatda onun mənimsənilən vəsaiti geri ödəməklə ağır cəzadan yayındığı, lakin buna baxmayaraq TƏBİB rəhbərliyi tərəfindən himayə edilərək Abşeron RMX-ya direktor təyin edildiyi qeyd edilir. Hazırda isə o, xəstəxanada yaşlı pasiyentə yemək yedizdirməsi kimi görüntüləri ilə “ucuz piar” kampaniyası aparmaqda, həmçinin tabeliyindəki müəssisələrə qohumlarını təyin etməkdə ittiham olunub.

Mətbuatda yayılan iddialara görə, Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunduqdan sonra öz yaxın qohumlarını, o cümlədən bacısını rəhbər vəzifəyə gətirib. Yerli mediada bu addım “qohumbazlıq” kimi qiymətləndirilərək, xəstəxananın ailə podratı prinsipi ilə idarə olunduğu qeyd edilir./32gun.az /









