Bakı şəhər Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən yaşayış kompleksinin sakinləri orada aparılan tikintidən narazıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist Zamirə Dadaşova məlumat paylaşıb.
O bildirib ki, 12 mərtəbəli binanın dam hissəsində yerləşən texniki mərtəbəyə bu ilin mart ayında mənzil kimi çıxarış verilib:
“Qanunvericiliyə əsasən, texniki mərtəbə ümumi istifadədə olan sahədir və ayrı-ayrı şəxslərin mülkiyyətinə verilə bilməz. Bu hal digər mənzil sahiblərinin hüquqlarını pozur. Hazırda burada aparılan tikinti bina sakinlərinin ümumi razılığı olmadan həyata keçirilir. Bu hal binanın konstruktiv dayanıqlılığına və tikinti normalarının pozulmasına səbəb ola bilər. Bundan başqa, texniki pasportla çıxarış arasında ziddiyət mövcuddur. Bina 12 mərtəbəli olduğu halda, əlavə mərtəbə kimi qeydiyyat aparılmayıb. Hazırda aparılan işlər qeyd olunan tələblərə zidd olmaqla yanaşı, sakinlərin həyat və sağlamlığına da real təhlükə yaradır”.
Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 1058-ci məhəllədə yerləşən yaşayış binalarının sakinlərinin müraciəti əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agetliyinin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilib:
“Yaşayış binaları mövcud vəziyyətdə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə bağlı Təhlil Qurupunun 10 iyul 2019-cu il tarixli 1005 nömrəli Texniki rəyi əsasında 6 ədəd 1 girişli, zirzəmili, 14 (+ 2 səviyyəli mansarda) mərtəbəli yaşayış binalarına istismara hazırlığı barədə 11 oktyabr 2019-cu il tarixli 0194 nömrəli rəy rəsmiləşdirilib.
Müvafiq qurum tərəfindən həmin ünvanda “İşıq İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binalarına 14.10.2019-cu il tarixli 183 nömrəli İstismara icazə sənədi rəsmiləşdirilib.
Qaldırılan məsələnin Mənzil Məcəlləsi çərçivəsində həlli məqsədilə aidiyyəti üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət edilməsi məqsədəmüvafiq hesab edilir”./Qafqazinfo/

















