Əsir düşən azərbaycanlı İtaliyada necə qəhrəman oldu? – Məhərrəm Nəcəfovun DOSYESİbackend

Əsir düşən azərbaycanlı İtaliyada necə qəhrəman oldu? – Məhərrəm Nəcəfovun DOSYESİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən tarix təkcə böyük dövlətlərin və generalların deyil, taleyi müharibə ilə dəyişən adi insanların həyat hekayələrində daha təsirli şəkildə yaşayır. İkinci Dünya Müharibəsinin sərt reallıqları içində bir azərbaycanlının yolu İtaliyaya düşür, o, həm döyüş meydanında qəhrəmana çevrilir, həm də fərqli bir ölkədə sevgi taparaq iki xalq arasında canlı körpüyə dönür. 

İkinci Dünya Müharibəsi illərində taleyi onu min kilometrlərlə uzağa aparan azərbaycanlı döyüşçü Məhərrəm Nəcəfov həm müharibə meydanlarında, həm də şəxsi həyatında qeyri-adi bir yol keçib.

NOCOMMENT.az Məhərrəm Nəcəfov haqqında maraqlı faktları təqdim edir.

1941-ci ildə Nasist Almaniyasının SSRİ-yə hücumu başlayandan sonra ordu sıralarına qoşulan Məhərrəm Nəcəfov cəbhəyə yollanır. Krımda gedən ağır döyüşlərin birində yaralanan gənc döyüşçü almanlara əsir düşür və daha sonra İtaliyadakı həbs düşərgəsinə göndərilir.

Lakin o, burada uzun müddət qalmır. Böyük risklərə baxmayaraq düşərgədən qaçmağa nail olur. Qaçışdan sonra taleyi onu İtaliya Müqavimət hərəkatı ilə bağlayır. Məhz burada o, Katerina Forqani ilə tanış olur. Onun köməyi ilə Məhərrəm partizanlara qoşulur və almanlara qarşı mübarizəyə başlayır.

Katerina Forqani sonralar xatirələrində Məhərrəmi cəsur və qorxmaz bir insan kimi təsvir edirdi. Onun sözlərinə görə, Məhərrəm qısa müddətdə partizanların sevimlisinə çevrilmişdi.

Döyüşlər zamanı yenidən yaralanan Məhərrəm İtaliyanın Bari şəhərində müalicə olunur. O, İtaliya Müqavimət Hərəkatı sıralarında göstərdiyi şücaətə görə ölkənin ali mükafatlarından biri – “Haribaldi ulduzu” ilə təltif edilir və Emiliya-Romanya vilayətinin “Milli Qəhrəmanı” adına layiq görülür.

Müharibədən sonra Məhərrəm və Katerina ailə quraraq İtaliyanın Kampiano kəndində yaşamağa başlayırlar. Bu evlilikdən Tahir və Laura adlı iki övlad dünyaya gəlir.

Ancaq illər keçdikcə vətən həsrəti ağır gəlir. Nəhayət, 1956-cı ildə ailə Azərbaycana köçür və Goranboyun Qızılhacılı qəsəbəsində məskunlaşır. Katerina xanım sonralar Azərbaycanı ikinci vətəni adlandırır.

1993-cü ildə Məhərrəm Nəcəfov vəfat etsə də, Katerina xanım İtaliyaya qayıtmır. O, ömrünün sonuna qədər Azərbaycanda yaşayır, ailəsinə və yeni vətəninə bağlı qalır.

2006-cı ildə isə İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə o, qızı Laura ilə birlikdə doğma torpaqlarına – Ravenna şəhərinə aparılır. Katerina Forqani 2012-ci il martın 4-də, 90 yaşında vəfat edir.

Hazırda Məhərrəm Nəcəfovun oğlu Tahir Goranboyda yaşayır, qızı Laura isə İtaliyada həyatını davam etdirir və tez-tez Azərbaycana səfər edir.

Bu hekayə bir azərbaycanlının təkcə müharibə qəhrəmanı deyil, həm də iki ölkə arasında körpü yaradan insan olduğunu göstərir.

*Sonda onu da qeyd edək ki,* təqdim olunan yazı Məhərrəm Nəcəfovun qardaşı nəvəsi Anar Nəcəfzadənin “Azərbaycan tarixi” adlı TikTok səhifəsinə göndərdiyi məlumatlar əsasında hazırlanıb.

Turan
NOCOMMENT.az