Bələdiyyələrin gələcəyi sual altındadır – Deputatbackend

Bələdiyyələrin gələcəyi sual altındadır – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il bələdiyyələr 25 yaşını qeyd edəcək, sayca 6-cı seçkiləri keçiriləcəkdir.

Eyni zamanda, bu məruzə bələdiyyələrin 5-illik fəaliyyətinə qiymət verilməsi kimi dəyərləndirilə bilər. Ötən beş il pandemiya, Vətən Müharibəsi kimi hadisələrlə zəngin olsa da, bələdiyyələr kifayət qədər çox işlər görüblər, müəyyən inkişaf yolu keçiblər, hətta bəzi sahələr üzrə perspektivli nailiyyətlər əldə ediblər”.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hələ 1999-cu ildə yaradılarkən bələdiyyələr dövlətin iş yükünü azaltmalı idilər, şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında vacib rol oynamalı idilər, yerli qərarların qəbulu prosesində vətəndaşların iştirakını təmin etməli idilər. “Bu 25 il ərzində bu məqsədlərə nail ola bildilərmi? Bildilər. Amma qismən” – o qeyd edib.

Əlavə edib ki, bu gün isə bələdiyyələrin gələcək inkişaf perspektivləri sual altındadır, çünki cəmiyyətdə real nüfuz və etimad qazanmaq üçün onlar bu gün kifayət qədər maliyyə imkanlarına malik deyillər, maliyyə baxımından müstəqilləşməsinə mane olan problemlərlə hələ də üzləşirlər:” Həqiqət ondan ibarətdir ki, maliyyə dayanıqlığı olmadan bələdiyyələrin inkişafı mümkünsüzdür.

Unutmayaq ki, bu il baş tutacaq bələdiyyə seçkiləri tarixi əhəmiyyət daşıyacaq, çünki ilk dəfə olaraq, işğaldan azad olunmuş ərazilərdə də keçiriləcək, orada yeni bələdiyyələr yaradılacaq. Həmin ərazilərdə və, ümumiyyətlə, ölkəmizdə özünü tam təmin etmək və yerli əhəmiyyətli məsələləri sərbəst və müstəqil şəkildə həll etmək iqtidarında olan təkmil və güclü bələdiyyələr fəaliyyət göstərməlidir.

Ona görə də, bələdiyyə sistemində hökmən əsaslı və köklü islahatlar aparılmalıdır, zəruri tədbirlər görülməlidir.

– Bələdiyyələrin sayı birləşmə yolu ilə, ən azı iki dəfə, azaldılmalıdır. Onların böyük əksəriyyəti (87%) zəif xırda kənd bələdiyyələridir. Bununla yanaşı, elə bələdiyyələr var ki, onların sosial müdafiə ayırmaları üzrə böyük borcları var, bu səbəbdən bank hesablarına həbs qoyulub, buna görə də fəaliyyətləri məhdudlaşıb. Belə olan bələdiyyələrin sayı da az deyil. Birləşmə prosesi bu problemlərdən qurtulmaq və normal fəaliyyət göstərmək imkanını yaradardı.

– Bələdiyyələrin maliyyə bazası gücləndirilməlidir, onlara yeni səlahiyyətlərin verilməsinə heç ehtiyac yoxdur, sadəcə mövcud səlahiyyətlərin icrasında olan çətinliklər aradan qaldırılmalıdır. İlk növbədə, bələdiyyə xəritələrinin və mülkiyyət sənədlərinin verilməsi və özəl mülkiyyətdə olan ev və binaların tam sənədləşdirilməsi prosesləri işi başa çatdırılmalıdır. Çünki bu məsələlər bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması işində konkret problemlər yaradır. Bu məsələlər öz həllini taparsa, yerli vergi və ödənişlər üzrə vəsait həcmində kəskin bir sıçrayış olacaqdır.

– Qanunvericilikdə bələdiyyə sədrlərinin və qulluqçularının qanun pozuntularına görə məsuliyyəti sərtləşdirilməlidir, yerli büdcələrin təyinatı üzrə istifadəsinə maliyyə nəzarəti gücləndirilməlidir.

– Ölkəmizdə bələdiyyələrin düzgün istiqamətdə inkişafının təmin edilməsi, bələdiyyələrə bir mərkəzdən zəruri qanunvericilik, institusional, təşkilati, metodoloji və maddi dəstəyin göstərilməsi məqsədilə xüsusi dövlət qurumunun və ya publik hüquqi şəxsin yaradılması da məqsədəuyğun olardı.

Məhz bu tədbirlərin və islahatların həyata keçirilməsindən sonra bələdiyyələrin nüfuzu və əhalinin onlara inamı artar, bir idarəetmə qurumu kimi ölkəmizin müasir inkişafı ilə ayaqlaşar, vətəndaşlara layiqli xidmət göstərməyə bacarar”.