Bizi işdən çıxarıb 6 aylıq maaşımızı vermirlər – AÇIQLAMAbackend

Bizi işdən çıxarıb 6 aylıq maaşımızı vermirlər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Space TV”nin keçmiş əməkdaşı, radio aparıcısı və prodüser Anar Nəbi sözügedən telekanaldan altıaylıq maaşını ala bilmədiyini deyir.

NOCOMMENT qafqazinfo-ya istinadla xəbər verir ki, A.Nəbinin sözlərinə görə, telekanaldan iyunun 21-də ikiaylıq ödənişsiz məzuniyyətə göndərilmək adı ilə işdən çıxarılıb.

Şikayətçi bildirib ki, həmin ərəfədə “Space”dən onunla bərabər 13 nəfər məcburi işdən azad edilib: “Bizə dedilər ki, yeni mövsümdə sizi yenidən işə götürəcəyik, oktyabrın 15-nə kimi isə bütün maaşlarınız ödəniləcək. Bizi aldatdılar. Belə olmaz axı. Birinin evdə xəstəsi var, digərinin öz problemləri və sairə. Özüm I qrup gözdən əliləm. Şirkət tək mənə 6 aylıq maaşımı verməlidir, bu da ümumilikdə 1920 manat edir”.

Aparıcı əlavə edib ki, 2-3 aydan bir cəmi bir aylıq maaşları ödənilir: “Bunun da çoxu sosial ödənişlərə gedir. Çünki telekanal heç vaxt bu ödənişləri özü etməyib, hamısı cibimizdən çıxıb”.

8 il “Space TV”də çalışan A.Nəbi deyib ki, 20 ilə yaxın stajı olan əməkdaşlar da işdən çıxarılıb: “Şirkətin onlara olan borcu mənimkindən də çoxdur”.

Məsələ ilə bağlı “Space TV”nin prezidenti Müşfiq Hətəmovla əlaqə saxladıq. O, bildirdi ki, rəhbərliyə gəldiyi dövrdən bəri şirkətin heç bir əməkdaşına borcu yoxdur: “Köhnə borclara gəldikdə isə, bu, bizi də narahat edir. Onların bir qismini ödəmişik, qalan hissəsi də ödəniləcək”.

Əməkdaşların işdən çıxarılmasına münasibət bildirən Hətəmov deyib ki, bu, radioda gedən yenilənmələrlə əlaqədardır: “Radio yenidən qurulur. Hazırda efirdə yalnız musiqi və xəbərləri dinləmək mümkündür. Əməkdaşların işə qaytarılması məsələsinə yenidən baxılacaq”.