Bakı şəhərində son dövrlərdə həyata keçirilən irimiqyaslı şəhərsalma layihələri, xüsusilə də tarixi mərkəzin yenidən qurulması paytaxtın daşınmaz əmlak bazarında yeni bir iqtisadi dalğa yaradıb.
Nizami küçəsinin genişləndirilməsi və piyada zonasının “Fantaziya hamamı” istiqamətinə doğru uzadılması ərazinin həm turistik, həm də kommersiya cəlbediciliyini kəskin şəkildə artırıb. Yeni yaradılan “yaşıl tunel” effekti, piyada keçidlərinin “ortaq küçə” prinsipi ilə modernləşdirilməsi və tarixi binaların ətrafındakı abadlıq işləri bu zonanı lüks yaşayış və biznes mərkəzinə çevirir. İqtisadçıların rəyinə görə, bu infrastruktur dəyişiklikləri yaxın müddətdə mənzillərin qiymətində 15 faizdən başlayaraq, layihə tam başa çatdıqdan sonra 30 faizə qədər artım vəd edir. Bu artım təkcə yaşayış sahələrinə deyil, həm də ərazidəki obyektlərin icarə dəyərinə birbaşa təsir göstərəcək.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan əmlak eksperti Camal Abuşov qeyd edib ki, Bakının mərkəzində aparılan bu abadlıq işləri ərazinin funksional təyinatını dəyişərək onu daha yüksək gəlirli zonaya çevirir: “Nizami küçəsinin uzadılması faktiki olaraq ‘Tarqovi’ zonasının sərhədlərini genişləndirir. Bu, o deməkdir ki, əvvəllər sadəcə yaşayış məhəlləsi kimi baxılan binalar indi yüksək piyada axını olan kommersiya zonasına daxil olur. Küçədə tətbiq edilən ‘yaşıl tunel’ və müasir işıqlandırma sistemləri əmlakın likvidliyini artırır. Biz artıq görürük ki, layihənin elan olunmasından dərhal sonra həmin zonadakı mənzillərin sahibləri satış qiymətlərini yenidən nəzərdən keçirməyə başlayıblar. Bu, təbii bir prosesdir, çünki infrastrukturun keyfiyyəti artdıqca əmlakın real bazar dəyəri də ona mütənasib olaraq yüksəlir”.
Onun sözlərinə görə, 30 faizlik qiymət artımı proqnozu kifayət qədər realdır və hətta müəyyən binalarda bu rəqəm daha yüksək ola bilər: “Xüsusilə tarixi binalarda yerləşən və birbaşa yeni piyada zonasına çıxışı olan mənzillər ‘premium’ statusu qazanır. Piyadaların təhlükəsiz və rahat hərəkəti üçün yaradılan şərait, avtomobil sıxlığının azaldılması həmin mənzillərin həm sutkalıq icarə, həm də satış dəyərini stimullaşdırır. Bu tip layihələr dünyanın bütün böyük şəhərlərində daşınmaz əmlakın dəyərini artıran ən mühüm faktor kimi qəbul olunur. Bakıda da biz bunun şahidi oluruq; insanlar artıq səs-küylü yolların kənarında yox, abadlaşdırılmış, park tipli küçələrin ətrafında yaşamağa və biznes qurmağa daha çox maraq göstərirlər”.
Abuşov vurğulayıb ki, qiymət artımı təkcə Nizami küçəsi ilə məhdudlaşmayacaq, ətrafdakı kəsişən küçələrə də siraət edəcək: “Layihə çərçivəsində tətbiq olunan ‘ortaq küçə’ prinsipi ətraf məhəllələrin də simasını dəyişir. Bu, bütövlükdə mərkəzi hissənin reytinqini qaldırır. Hazırda bu zonada mənzili və ya obyekti olan şəxslər tələsməməlidirlər, çünki infrastruktur tam oturduqdan sonra ərazidə təklif azalacaq, tələbat isə bir neçə dəfə artacaq. ‘Fantaziya hamamı’ kimi tarixi incilərin ətrafının abadlaşdırılması isə əraziyə əlavə estetik dəyər qatır ki, bu da investisiya yatırımı edənlər üçün ən vacib göstəricilərdən biridir. Beləliklə, yaxın aylarda Bakının mərkəzində əmlak qiymətlərinin kəskin yüksəlməsi qaçılmaz görünür”.
Tunar,
NOCOMMENT.az










