Bu il sülh müqaviləsi imzalanacaq? – Müsbət siqnallar gəlirbackend

Bu il sülh müqaviləsi imzalanacaq? – Müsbət siqnallar gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər hansı bir dövlətin daxilində baş verən proseslərin dəyişməsi daha çox dünyada baş verən proseslərlə bağlıdır. Çünki hər bir dövlət dünyanın bir parçasıdır və ona görə də istər-istəməz dünyada baş verənlər o dövlətə təsir edir”.

 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib.

2023-cü ilin siyasi baxımdan ölkəmiz üçün uğurlu olduğunu, habelə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini söyləyən analitik 2024-cü ildə yekun sənədin imzalanacağı ilə bağlı səslənən ehtimallara münasibət bildirib.

“Azərbaycan və Ermənistan arasındakı sülhə gəldikdə isə bu məsələdə vəziyyət bir az fərqlidir. Çünki İrəvanın yavaş-yavaş bu tendensiyanı qəbullanmaq meyllərinin olduğu görürük, amma analoji olaraq silahlanma da davam edir. Düşünmürəm ki, sözügedən silahlanmanın Azərbaycana böyük bir formada təsiri ola. Yəni Ermənistanın bu qədər böyük büdcəsi yoxdur ki, bu silahları alsın, nə də Fransa və Hindistan Ermənistana pay silah verməyəcək. Onların məqsədləri özlərinin silah satışı həyata keçirməkdir”, – müsahibimiz diqqətə çatdırıb.

Analitik söyləyib ki, Ermənistan tərəfindən bu gün müsbət siqnallar gəlir:

“Tam olaraq, son nəticə nə zaman olacaq – bunu zaman göstərəcək, amma proseslər və müsbət siqnallar indiki vəziyyətdə davam edəcəksə, biz 2024-cü ildə Ermənistanla tam sülh müqaviləsi olmasa da, çərçivə sülh müqaviləsinin bağlanmasını həyata keçirə bilərik. Çərçivə o deməkdir ki, sənədin layihəsi hazırdır, lakin delimitasiya və demarkasiya, eləcə də digər qaranlıq məsələlər yavaş-yavaş həll olunur”.

Siyasi təhlilçi aydınlaşdırıb ki, tam sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik olmalıdır və bu müqaviləni yaxın günlərdə imzalamaq real deyil:

“Çünki Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyə ərazilərinə rəsmi olaraq iddialar mövcuddur. Ona görə də buna dəyişiklik olmalıdır. Məncə, Baş nazir ilk öncə çərçivə sülh sazişi imzalayacaq, sonra daxildə referendum keçirib bu məsələləri qaydasına qoymağa çalışacaq. Bu baxımdan, mən 2024-cü ilə nikbin baxıram ki, nəticə əldə etmək olar”.

Onun sözlərinə görə, Azərbaycan tərəfində hər hansı bir problem yoxdur və ölkəmiz öz təkliflərini İrəvana verib, cavabları gözləyir:

“Əsas problem Ermənistandadır. Əgər Paşinyan hakimiyyəti daxildəki problemləri həll edib Azərbaycanla bir masaya otura biləcəksə, buyursun, Azərbaycan buna etiraz etmir. Qısası, əsas məsələ Ermənistandan asılıdır. Onsuz da Paşinyanın komandasının son açıqlamaları da onu deməyə əsas verir ki, artıq mövcud şərait yaranıb və onlar yekun sülh sazişi olmasa da belə, çərçivə sülh sazişinin imzalanmasında maraqlıdırlar”.