Bu, yenidən savaşa yol aça bilər – Azərbaycan təxribat qarşısındabackend

Bu, yenidən savaşa yol aça bilər – Azərbaycan təxribat qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilmiş ərazilərdəki meşələrdə gizlənən erməni terrorçularını idarə edənlər var”.

NOCOMMENT.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bölgədəki son duruma diqqət çəkib:

“Erməni separatçıları dünən Azərbaycan hərbçisini şəhid ediblər, sosial şəbəkənin Azərbaycan seqmentində dünən axşamdan başlayaraq qızğın müzakirələr gedir, Müdafiə Nazirliyi isə bir gün sonra təxminən səhər saat 11-də açıqlama yayıb.

Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı erməni separatçıları ard-arda açıqlama yayırlar ki, onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçilərinə atəş açmayıblar, iddia edirlər ki, Azərbaycan tərəfi dezinformasiya yayır.

Ermənilərin ard-arda yaydıqları açıqlamalar Rusiyanın informasiya məkanında geniş yayılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə ilk açıqlaması ilə kifayətlənib.

Anlamaq lazımdır ki, informasiya savaşında dayanmaq və fasilə vermək olmaz. Haqlı olduğumuz halda bizi haqsız çıxarmağa çalışırlar. Rusiyanın və digər ölkələrin xəbər agentlikləri erməni tərəfinin açıqlamalarına istinad edirlər ki, “atəş açılmayıb”.

Yalan və təxribat olduğu aşkardır. Ancaq bunu biz bilirik, əsas vəzifə ətraf aləmi buna inandırmaqdır. Çünki təxribatlar davam etsə, bölgədə yenidən müharibə ehtimalı artacaq”.

Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan Müdafiə Nazirliyi bunların qarşısını almaq üçün növbəti açıqlama yaymalı, hadisənin təfərrüatlarını bildirməli və öldürülən erməni terrorçuların kimliklərini bəyan etməlidir:

“Bunun üçün hətta Bakıda yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirilməlidir. Çünki hərbçilərimizə qarşı təxribatların davam edəcəyi aşkardır, meşələrdə gizlənən terrorçuları idarə edənlər var. Bunların hamısı deyilməlidir, susmaq bizə fayda gətirməyəcək”.
Teleqraf.com