“Yeni bulvar” ərazisində yerləşən, insanlar tərəfindən “şeytan çarxı” kimi tanınan “Panorama” attraksionun işləmədiyi bildirilir. Parkda dincəlmək, əylənmək istəyən şəxslərin iddiasına görə, attraksion fəaliyyət göstərmir.
Xüsusilə, yaz aylarında, attraksionlora maraq artdığı dövrdə “şeytan çarxı”nın işləməməsi həm yerli sakinlərdə, həm də turistlərdə suallar yaradır.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən cavab olaraq bildirilib ki, attraksion işləyir, sadəcə onun fəaliyyəti hava şəraitindən asılıdır:
“Panorama” attraksionu qış aylarında saat 12:00-dan 21:00-a qədər, yay aylarında isə 12:00-dan 23:00-a qədər fəaliyyət göstərir. Küləyin sürəti 11 m/s-dən artıq olduqda, tufan, yağış, ildırım, dolu və ya qar kimi əlverişsiz hava şəraitində fəaliyyət göstərmir”.
Qeyd edilib ki, ziyarətçilərin təhlükəsiz və komfortlu istirahətini təmin etmək məqsədilə “Panorama” attraksionu müasir təhlükəsizlik standartlarına cavab verən avadanlıqlarla təchiz olunub:
“Attraksionun fəaliyyəti boyunca bütün proseslər peşəkar operatorlar tərəfindən daim nəzarətdə saxlanılır. Attraksion hərəkət halında olduqda ziyarətçilərin qadağan olunmuş ərazilərə daxil olmasına qəti şəkildə icazə verilmir. Kabin platformadan ayrıldıqdan sonra qapılar avtomatik kilidlənir və içəridən açılması mümkün olmur, bu da sərnişinlərin hərəkət zamanı maksimal təhlükəsizliyini təmin edir.
Müəyyən hallarda, məsələn, elektrik enerjisinin kəsilməsi zamanı, xüsusi ehtiyat enerji mənbələri sayəsində attraksionun fasiləsiz fəaliyyəti və sərnişinlərin təhlükəsizliyi qorunur. Əlavə olaraq, kabinələrdə təcili vəziyyətlər üçün rabitə vasitələri mövcuddur və bütün avadanlıqlar mütəmadi olaraq texniki baxışdan keçirilir. Attraksionun fəaliyyəti daim operatorlar tərəfindən nəzarət olunur və sərnişinlərin təhlükəsizliyi tam şəkildə təmin edilir”.
Attraksion qiymətlərinə gəldikdə isə idarədən vurğulanıb ki, 6 yaşına qədər uşaqlar üçün attraksiona giriş pulsuz, 6-12 yaş arası uşaqlar üçün biletin qiyməti 5 manat, 12 yaşdan yuxarı şəxslər üçün isə 10 manatdır.
Xatırladaq ki, “Panorama” attraksionu 2014-cü ildən fəaliyyət göstərir. Diametri 60 metr olan attraksionda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabin var.\\bizimmedia










