Bu gün təhsildə və pedaqogikada qarşılaşdığımız ən böyük çətinliklərdən biri uşaqlarda neyropsixoloji problemlərin sürətlə artmasıdır. Hiperaktivlik, disleksiya, davranış pozuntuları, diqqət dağınıqlığı, antisosial davranışlar və s. bütün bunlar bütövlükdə neyropsixoloji problemlərdir. Son illərdə bu tip problemlər əvvəlki dövrlərə nisbətən daha geniş yayılıb. Gəlin birlikdə baxaq, nə üçün bu qədər artım müşahidə olunur?
NOCOMMENT.az xəbər verir ki, bu barədə təhsil üzrə menecer Tural Abasquliyev öz Facebook səhifəsində yazıb.
Əvvəlki illərdə də bu cür uşaqlar olub. Lakin onların sayı indiki qədər deyildi. Keçmişdə bu problemlərin başlıca səbəbləri genetik faktorlar, hamiləlik dövründə keçirdilən infeksiyalar, erkən doğuş, doğuş zamanı və ya sonra alınan travmalar, ağır qızdırmalar və infeksiyalar kimi daha çox fiziki, bioloji və kimyəvi risklər idi.
Bu gün isə tibb elmi xeyli inkişaf edib, xəstəxanalar və təcili yardım xidmətləri hər yerdə əlçatandır. Bütün bunlar biologiya və kimya mənşəli risklərin azalmasına səbəb olub. Belə olan halda bu tip problemlərin sayının da azalması gözlənilirdi. Amma reallıq bunun tam əksidir, neyropsixoloji pozuntuların sayı artır. Bəs səbəb nədir?
Problemin yeni kökü: emosional amillər
Müasir dövrdə bu problemlərin əsas səbəbi emosional zəiflik və dağılmış mühitdir. Bugünkü analar, əvvəlki nəsil qadınlardan daha az fiziki çətinlik çəksələr də, emosional olaraq çox daha zəifdirlər. Halbuki onların anaları və nənələri daha çətin şəraitdə yaşamış, heç bir sosial və hüquqi dəstək görmədən daha güclü olmuşdular.
Bu gün bir çox ana hamiləlik dövrünü stres, yuxusuzluq və depressiya ilə keçirir. Doğuşdan sonra da psixoloji yük azalmaq əvəzinə artır. Valideynlər arasındakı gərginlik, qarşılıqlı anlaşmazlıqlar, impulziv davranışlar, uşağın emosional diqqətdən kənarda qalması, laqeydlik, sevgisizlik, emosional və bəzən fiziki zorakılıq ( həmçinin dayələrdə və baxçalarda ) ekranlara həddindən artıq məruz qalma (telefon, TV, planşet və s.) uşağın sinir sistemi və beyin inkişafına ciddi şəkildə mənfi təsir göstərir.
Bu uşaqlarda müşahidə olunan əsas əlamətlər:
Diqqətin tez yayılması, tez darıxma
Emosional tənzimləmədə çətinlik
Davranış impulsivliyi
Sosial münasibət qurmaqda çətinlik
Oxuma, yazma, yaddaş və nitq problemləri
Ən sadə formada desək, əgər bir uşaq səninlə danışarkən göz-gözə gəlmirsə, bu artıq problemdir.
Sual verək özümüzə:
Uşaqlarımızın sağlam ruhlu və balanslı bir fərd kimi böyüməsi üçün həyat tərzimizi, düşüncə və davranış vərdişlərimizi bir kənara qoymağa dəyməzmi?
Hirsimizi, əsəbimizi, eqomuzu, hətta bəzən qürurumuzu belə bir tərəfə qoymağa dəyər. Biz onsuz da canımızı övladlarımıza qurban verməyə hazırıq. O halda niyə onların sağlam zehni və ruhu üçün mübarizə aparmayaq, fədakarlıq etməyək?
Emosional həssaslıqlar nə zaman canımızdan və balamızdan önəmli oldu? Bu uşaq sənin seçimlərinin nəticəsidir. Sənin səhvinin bədəlini niyə sənin ən əziz və ən günahsız hissən, övladın ödəməlidir? Hirsin, əsəbin, hikkən, prinsiplərin ödəsin də.
Unutmayaq:
Hər bir uşaq anasının əsəridir.
Hər bir cəmiyyət qadının əsəridir.
Bəşəriyyət ananın əsəridir.
Bu dünyada hər şey yalandı, gerçək olan analıq duyğusudur. Analar özlərinə gəlməlidirlər. Çünki layiqli oğulları və sağlam cəmiyyətləri ancaq fədakar, güclü və emosional olaraq yetkin analar böyüdə bilər.
Yəgin ki, bunu oxuyan hansısa ana düşünür, bəs Atalar ? Niyə onlardan yazmır. Atalıq duyğusu bəzi hallarda dayılıq duyğusundan daha zəifdir. Ana varsa, Atalıq var, ana yoxdursa Atalıq duyğusu şəxsə görə dəyişə bilən bir duyğudur.
Cəmiyyəti qorumaq üçün iki yol var. Birinci ya keçmişə qayıtmalıyıq, ikincisi bir çox analar mariflənməlidir, müdrik olmalıdır. Ana olmağın kimyasını, biologiyasini, fəlsəfəsini bilməlidir. Burda məktəblərin, müəllimlərin üzərinə böyük iş düşür. Məktəb uşaqları emosinal olaraq qoruyan, valideynləri marifləndirən bir mərkəzə çevrilməlidir. Məktəb yaxın gələcəkdə cəmiyyətin əsas parçası olacaq və olmalıdır.