Aparıcı və avto-ekspert Tural Yusifov sosial şəbəkə hesabında paylaşdığı videoda "TikTok" fenomeni "Arzum9999" kimi tanınan Arzumun yol-nəqliyyat hadisəsi ilə bağlı fikirlərini bölüşüb.
NOCOMMENT.az xəbər verir ki, Tural Yusifov bildirib ki, uzun müddətdir məhkəmə prosesi getdiyi üçün hadisə ilə bağlı hər hansı şərh vermək istəməyib.
O bildirib ki, paylaşdığı videoda məqsədi məhkəmənin qərarını qiymətləndirmək deyil, yalnız "Yol hərəkəti haqqında" Qanunun müvafiq maddələrini izah etməkdir.
Tural Yusifov qeyd edib ki, söhbət qanunun 42-ci maddəsi (hərəkətə başlama və manevr etmə) və 51-ci maddəsi (ötmə qaydaları) ilə bağlıdır. O bildirib ki, qanuna əsasən, sürücü sola dönməzdən əvvəl qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Bu qaydanın həm nizamlanan, həm də nizamlanmayan yol ayrıclarında tətbiq olunduğunu vurğulayan avto-ekspert, bəzi sürücülərin bu normanı zolaq dəyişmə qaydaları ilə səhv saldıqlarını deyib.
Onun sözlərinə görə, eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinə yol vermə tələbi ilə qarşı istiqamətdən gələn avtomobilə yol vermək fərqli hüquqi normalarla tənzimlənir. Tural Yusifov əlavə edib ki, 51-ci maddəyə əsasən, qarşıdakı avtomobil sola dönmə işığını yandıraraq manevrə başlayıbsa, onu sağ tərəfdən ötmək lazımdır.
Avto-ekspert sürücülərə "son baxış" etməyin vacibliyini də xatırladıb. O bildirib ki, dönmə manevrinə başlamazdan əvvəl güzgülər yenidən yoxlanılmalıdır. Çünki qısa zaman ərzində arxadan başqa nəqliyyat vasitəsi yaxınlaşa bilər və bu, qəza riskini artırır.
Sonda Tural Yusifov hadisə zamanı həyatını itirən şəxsə Allahdan rəhmət, həbs olunan şəxsə isə səbir arzulayıb. O, həmçinin tərəflərin apellyasiya şikayəti verməsinin mümkün olduğunu və növbəti instansiyada fərqli qərarın qəbul edilə biləcəyini də istisna etməyib.
Turan
NOCOMMENT.az












