"Arzum"un qəzası ilə bağlı yeni səs yazısı yayıldı - AUDİO

"Arzum"un qəzası ilə bağlı yeni səs yazısı yayıldı - AUDİO

Kriminalistika sahəsi üzrə ekspert İlqar Altay "TikTok" fenomeni "Arzum9999"un yol-nəqliyyat hadisəsindən dərhal sonra qeydə alındığı iddia edilən səs yazısını ictimaiyyətə təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, səs yazısında danışan şəxs 103 Təcili Tibbi Yardım Xidmətinə müraciət etdiyini bildirir, eyni zamanda canlı yayımı izləyən şəxslərdən də təcili yardım çağırmalarını xahiş edir.


Məsələ ilə bağlı paylaşım edən İlqar Altay bildirib ki, hadisə ilə bağlı hər keçən saat yeni məqamlar üzə çıxır. Onun sözlərinə görə, rəsmi açıqlamalarda və məhkəmə prosesində qadının hadisə yerini tərk etdiyi, 102-yə məlumat vermədiyi qeyd olunsa da, yayılan səs yazısı bu iddialarla ziddiyyət təşkil edir.

Ekspert hesab edir ki, ortaya çıxan material istintaqın necə aparılması ilə bağlı ciddi suallar yaradır və hadisənin araşdırılması ətrafında yaranan ziddiyyətlər işin daha da müəmmalı görünməsinə səbəb olur.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin bir qismi yayılan səs yazısının "Arzum9999"a deyil, qəza zamanı onunla eyni avtomobildə olduğu bildirilən "TikTok" istifadəçisi Müjgana məxsus olduğunu iddia edir.

Sözügedən səs yazısını təqdim edirik.

Qeyd edək ki, Yol nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə cəza verilib və o məhkəmə zalından həbs edilib.

Bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.

İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.

Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.

NOCOMMENT.az