Azərbaycanda vətəndaşların hüquqlarının qorunması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayan "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı ağır iddia səsləndirilib. Mediator Türkər Əliyeva bildirib ki, Sumqayıt 1 saylı "ASAN xidmət" mərkəzində onun iştirakı olmadan adından rəsmi sənədlər imzalanıb, saxtakarlığa yol verilib və məsələnin üstü örtülməyə çalışılıb.
NOCOMMENT.az xəbər verir ki, Türkər Əliyeva heç bir halda qurumda şəxsən iştirak etmədiyi və adıçəkilən mərkəzi tanımadığı halda, onun adına rəsmi sənədlər tərtib olunub və imzalanıb. Şikayətçi qeyd edir ki, iyulun 4-də guya mərkəzə gedərək əvvəlki müraciətlərini geri götürdüyü iddia edilib, lakin həmin tarixdə onun mərkəzdə olması tamamilə yalandır:
"Mən olmaya-olmaya, mən iştirak eləməyə-eləməyə, mən heç ora addım atmaya-atmaya, o qurumu heç tanımaya-tanımaya mənim adımdan sənədlər imzalanıb. Bu gün isə məlum oldu ki, sənədlərə mənim əvəzimə imza atılıb."
İddialara əsasən, məsələni yerində araşdırmaq üçün mərkəzə yaxınlaşan Türkər Əliyeva Daşınmaz Əmlakın Qeydiyyatı şöbəsində 3-cü mərtəbədə fəaliyyət göstərən Bünyamin adlı işçi ilə görüşüb. Həmin şəxs səhvə yol verdiyini və onun adından sənədlərə imza atdığını etiraf edib. Türkər Əliyeva məsələ ilə bağlı mərkəzin rəhbəri Kəmalə Rəhimova ilə görüş tələb etsə də, kameraların dərhal açılaraq videogörüntülərin yoxlanılması təmin olunmayıb. Rəhbərlik tərəfindən müvafiq görüntülərin dərhal təqdim edilməməsi və məsələnin uzadılması əlavə şübhələrə və haqlı narazılığa səbəb olub.
Şikayətçi qeyd edir ki, baş verənlər sadəcə texniki səhv deyil, arxasında müəyyən maddi maraqlar və maliyyə manipulyasiyaları dayana bilər. Onun sözlərinə görə, məsələnin rüşvət və qanunsuz maliyyə əlaqələri ilə bağlı tərəfləri də mövcuddur.

Türkər Əliyeva baş verən qanunsuzluqların və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının tam araşdırılması üçün bütün müvafiq dövlət qurumlarına rəsmi müraciətlər ünvanladığını bildirib. O, məsələni sonuna qədər izləyəcəyini, təqsirkarların qanun qarşısında cavab verməsi üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyini vurğulayıb.
Məsələ ilə bağlı NOCOMMENT.az-a "ASAN Xidmət"dən bildirib ki, hadisə ilə bağlı xidmət məsuliyyət daşımır.
NOCOMMENT.az məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə də sorğu göndərib. Hələlik sorğumuza heç bir cavab verilməyib.
Sara,
NOCOMMENT.az












